Turan agentliyinin www.odatv.com saytına istinadən verdiyi xəbərə görə,Türkiyədə Azərbaycan sərmayəsi ilə qurulan “Haber Global” adlı kanalın rəhbərliyində dəyişiklik baş verib
Belə ki, sentyabrın 24-də yayıma başlayan “Haber Global” kanalının qurucu baş redaktoru Suat Toktaş, xəbər koordinatoru İnan Demirel və xəbər müdiri Bengü Şap kanalın baş direktoru ilə aralarında yaranan anlaşmazlıq nəticəsində istefa veriblər.
Kanalın baş redaktoru vəzifəsinə daha əvvəl Habertürk, A. Haber, CNN Türk kimi kanallarda baş redaktor olmuş Erdoğan Aktaş gətirilib.Kanalın qurucu baş redaktoru Suat Toktaş istefasının səbəbini Medyaradar internet saytına bu şəkildə açıqlayıb: “İstefamın səbəbi baş direktorun idarəçilik üslubundakı anlaşmazlıqdır.Bir neçə aydır ki, 32 yaşlı baş direktor ilə (onun) idarəçilik tərzindən irəli gələn problemlər yaşayırdım. Ancaq kanalın fəaliyyətə başlaması üçün bir çox problemi içimə atmaq məcburiyyətində qalmışdım”.
Qeyd edək ki, “Haber Global” kanalı daha əvvəl TR 24 adı altında fəaliyyət göstərmək üçün müraciət etsə də eyni ad altında başqa bir yayım qurumu olduğuna görə, Türkiyə Radio və Televiziya Şurası kanalın fəaliyyətə başlamasına icazə verməyib. Daha sonra adını “Haber Global” şəklində dəyişdirlən kanalın fəaliyyətinə icazə verilib və kanal sentyabrın 24-də fəaliyyətə başlayıb. Kanalın qurucu baş redaktoru Suat Toktaş daha əvvəl Habertürk kanalında yüksək vəzifədə işləyib.
Xatırladaq ki, sözügedən kanal SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumu, Azərbaycan neftinin hesabına milyardlara sahib olan Anar Əliyevin maliyyə dəstəyi ilə açılıb. Məlumatlara görə, hazırda “Haber Global” kanalına “SOCAR – Türkiyə” şirkəti ilə yanaşı Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev və “SOCAR Trading” şirkətinin icraçı direktoru Adnan Əhmədzadə nəzarət edir. Kanalı faktiki adları FETÖ ilə hallanan Elnur Abdullayev və Məmməd Gülməmmədov idarə edir. Bu barədə AzToday.az saytı olaraq “Fətullah Gülən 3 elNUR-u ilə Türkiyəyə qayıdır… (İLGİNC GƏLİŞMƏ)” başlıqlı yazıda geniş məlumat vermişdik.
MilliYol.Az