“Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istəyirik”
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə TürkPA-nın hədəflərindən danışarkən deyib.
TürkPA-nın baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək.
TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib.
TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib.
Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər/Report.
MilliYol.Az