İşə gecikən sadə camaatın narazılığı metropoliten rəhbərliyinin vecinə belə deyil...
Bu gün səhər saatlarında metropolitenin fəaliyyətindən şikayətlənən vətəndaş redaksiyamıza müraciət edib. O, qatarların gec-gec gəldiyinə görə, işə gecikdiiyini və buna görə də tənbeh olunduğu üçün şikayətçi olub.
Bu gün səhər tezdən redaksiyamıza telefon açan bir xanım bildirib ki, o, hər gün metroda eyni problemlə üzləşir. Səhər və axşam pik saatlarında qatarların hərəkəti arasında interval çox olur və bu üzdəndə insanlar səhər işə gecikir, axşamlar evlərinə gec çatırlar. Vətəndaşın bildirdiyinə görə, bu gün səhər saatlarında Dərnəgül-Həzi Aslanov xəttinin “20 yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” stansiyalarında 7.45 dəqiqəlik interval olub və o bu üzdən işə gecikib. Gecikdiyinə görə isə rəhbərlik tərəfindən tənbəh olunub.
Qeyd edək ki, son zamanlar Bakı Metropoliteni ilə bağlı tirajlanan xoşagəlməz xəbərlərin ardı-arası kəsilmir. Səhər tezdən işə tələsən insanlar hər gün metroda problemlə üzləşirlər. Eyni prosses axşam saatlarında da müşahidə olunur.
Əslində bu qüsurlar Zaur Hüseynovun metropolitenə rəhbər təyin edilməsindən sonra intensivləşməyə başlayıb. Demək olar ki, hər gün metroda qatarların hərəkətində müxtəlif problemlər meydana çıxır. Hər gün baş verən hadisələrə Bakı Metropoliteni rəhbərliyi tərəfindən “texniki nazasazlıq” adı qoyulur. Onlara görə qəza şəraitlərinin yaranması belə sıradan “texniki nazasazlıq” hadisəsidir.
Hər gün qatarlarda min cür əziyyətə düçar olan sərnişinlərin isə metropolitendən narazılığı artmaqdadır. Lakin belə görünür ki, bu narazılıqlar Metropoliten rəhbərliyinin vecinə deyil. Əgər belə olmasaydı, Zaur Hüseynov metropolitendə qayda-qanun yaratmağa çalışardı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az