Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib
Nazir Meksikanın respublikamızın müstəqiliiyini tanıyan ilk dövlətlərdən biri olduğunu, son illər ikitərəfli əməkdaşlığın bir sıra sahələrdə genişləndiyini, beynəlxalq arenada qarşlıqlı maraq doğuran bəzi məsələlərin həllində ölkələrin biri-birini dəstəklədiyini xatırladıb.
Daha sonra Ramil Usubov müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, gərgin ictimai-siyasi və kriminogen durum, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, ulu öndərin kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar, həmçinin cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat verib.
Dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq son illər ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran daxili işlər naziri DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu, göstərilən istiqamətdə müəyyən addımların atıldığını da diqqətə çatdırıb. Qeyd olunub ki, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Meksika Birləşmiş Ştatlarının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" layihəsi işlənib hazırlanıb.
Xuan Rodrigo Labardini Flores ölkəmizdəki dayanıqlı sabinlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə edib, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
MilliYol.az