Həftəsonu Sibirdə həbsxanada qiyam olub. Yerli hakimiyyət artıq nəzarəti ələ aldığını bildirir
Dörd məhbus xəstəxanaya yerləşdirilib, zorakılığı qızışdırmaqda suçlanan 12 məhbus isə təcridxanaya göndərilib. Hadisə Omsk regionundakı 6 saylı təcridxanada baş verib. Xəbəri oktyabrın 8-də Mediazona agentliyi yayıb.
Məhbus hüquqları fəalı Olga Romanovanın oktyabrın 7-də bildirməsinə görə, məhbuslar arasında konflikt yaranıb. Buna məhbuslarla pis rəftar səbəb olub. O, məhbusların aclıq aksiyasına başladığını da qeyd edib. Rusiyanın ədliyyə sistemindən yazan Mediazona həbsxana hasarından asılmış “Bizi xilas edin” plakatının fotosunu yayıb. İstintaq Komitəsinin regional departamenti oktyabrın 7-də bildirib ki, həbsxanada “məhbusların öz məhbus yoldaşlarının bədəninə ziyan vurması” araşdırılır.
RƏSMİ VERSİYA
Federal Penitensiar Xidmətdən Svetlana Plotnikova həbsxananın polis tərəfindən mühasirəyə alındığını, oktyabrın 6-da burada qiyam baş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, məhbuslardan bəziləri “qayda-qanunu gözardı edərək öz qanunları ilə yaşamaq qərarı verəndən” sonra bir-birilə dalaşıblar.
Rusiya həbsxanalarında nə baş verdiyini müəyyənləşdirmək adətən çətin olur, rəsmi məlumatları müstəqil dəqiqləşdirmək də çətinləşir. Məhbuslardan birinin vəkili Vera Qonçarova deyib ki, təcridxana administrasiyası ilə münaqişədən sonra məhbuslar aclıq aksiyasına başlayıblar.
O, Azadlıq Radiosuna bildirib ki, Moskvadan 2 min 200 km şərqdə yerləşən Omsk regionunda həbsxanalarda işgəncəylə bağlı məlumatlar gəlir. “Məhbuslar Omsk regionundakı həbsxanalara transfer olunduqlarını eşitdikdə bunu önləmək üçün damarlarını kəsirlər”, – o vurğulayıb.
İyuldan bəri Rusiya həbsxanalarında işgəncə məsələsi gündəmdən düşmür. O zaman Yaroslavl regionunda həbsxanada azı 17 nəzarətçinin məhbusu döydüyünü göstərən video yayılmışdı.
MilliYol.Az