Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın və Rusiyanın məşhur opera müğənnisi Dinara Əliyevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının şəhadətnaməsini və döş nişanını təqdim edib
Rusiya Dövlət Akademik Böyük Teatrının tarixi səhnəsində Cüzeppe Verdinin “Maskarad” operası göstərilib. Tamaşada əsərin baş qəhrəmanı Ameliyanın partiyasını Dinara Əliyeva müvəffəqiyyətlə ifa edib.
Tamaşa başa çatandan sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxaraq Dinara Əliyevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının şəhadətnaməsini və döş nişanını təqdim edib.
Səfir deyib: “Bu gün əlamətdar bir gündür. Verdinin ölməz musiqisi yenidən bu gözəl Böyük Teatrın səhnəsində bu mədəniyyət ocağının istedadlı solistlərinin ifasında səsləndi. Valehedici tamaşa, valehedici maestro, gözəl orkestr! İnsanın burada özünü tam xoşbəxt hiss etməsi üçün daha nə lazımdır? Bu gün bəxtim gətirib ki, mən öz Prezidentimin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirirəm və bizim gözəl həmvətənimiz Dinara Əliyevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının şəhadətnaməsini və döş nişanını təqdim edirəm. Biz fəxr edirik ki, Azərbaycan vokal məktəbi dünyaya Dinara Əliyeva, Elçin Əzizov, Yusif Eyvazov və bir çox başqaları kimi müğənnilər bəxş edib. Mən şadam və xoşbəxtəm ki, bu gün Dinara Əliyeva Böyük Teatrın səhnəsində parlayır”.
Dinara Əliyeva ona göstərilmiş yüksək şərəf üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. D. Əliyeva deyib: “Mən “Azərbaycan Respublikasının Xalq artisti” yüksək adını şərəflə daşıyacağam”.
D.Əliyeva qeyd edib ki, “Azərbaycanın Xalq artisti” adını daşımaq onun üçün böyük şərəfdir. O dedi: “Bu gün əlamətdar gündür. Dahi Verdinin Böyük Teatrda göstərilən “Maskarad” tamaşasında Ameliyanın partiyası mənim debütümdür. Bu gün mənə həm də “Azərbaycan Respublikasının Xalq artisti” nişanı və şəhadətnaməsi təqdim edildi. Fürsətdən istifadə edib, Prezidentimiz İlham Əliyevə və onun gözəl xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Onlar Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafı üçün çox böyük işlər görürlər. Elçin Əzizov, Yusif Eyvazov və bir çox başqa Azərbaycan müğənniləri, o cümlədən mən dünyanın məşhur səhnələrində Azərbaycan musiqisini qürurla təmsil edirik”.
Dinara Əliyeva qeyd etdi ki, tamaşaçılar və həmkarları da bu xəbəri böyük sevinclə qarşılayıblar. Opera müğənnisi bildirdi: “Təxminən on ildir ki, Böyük Teatrda işləyirəm və bura mənim doğma evimə çevrilib. Həmkarlarım mənə çox səmimi münasibət bəsləyirlər. Zala toplaşanlar bu xoş xəbəri çox səmimi qarşıladılar”.
D. Əliyeva vurğuladı ki, onun ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom buraxmağı planlaşdırır.
Sonda Dinara Əliyeva dedi: “Mən Üzeyir Hacıbəyli, Qara Qarayev və başqa Azərbaycan bəstəkarlarının əsərlərini dünyanın ən böyük səhnələrində dəfələrlə ifa etmişəm. Bu, çox vacibdir. Biz öz bəstəkarlarımızı sevməli və qiymətləndirməliyik”.(AZƏRTAC)
MilliYol.az