Ermənistanın İstintaq Komitəsi ötən gün oktyabrın 6-da axşam saatlarında Yerevan restoranlarından birində “Çiçəklənən Ermənistan” partiyasından keçmiş deputat Karo Karapetyanın güllələnməsinə dair rəsmi məlumat yayıb
Məlumata əsasən saat 22 radələrində Yerevanın mərkəzindəki “Hayginer” restoranında münaqişə baş verib. Nəticədə eks-deputat Karapetyan və daha bir nəfər güllə yarası alıb.
“Karapetyan xəstəxanaya aparılarkən yolda keçinib. Odlu silah yarası alan Sərkis Avaqyan tibb mərkəzinə çatdırılıb, onun üzərində cərrahiyə əməliyyatı aparılır”-İstintaq Komitəsindən bildiriblər.
Karo Karapetyan
Yerevan polisindən isə deyiblər ki, əməliyyat-axtarış tədbirləri sayəsində şübhəlini müəyyən etmək və saxlamaq mümkün olub. Hadisə yerində cinayətkarın atəş açdığı tapança və boş gilizlər tapılıb. İstintaq qətlin xüsusatlarını araşdırır.
Karo Karapetyan 2007 və 2012-ci illərdə Ermənistan Milli Məclisinə seçilib. 2017-ci ildə mandatının müddəti bitib.
Erməni KİV-lərində son dəqiqələrdə yer alan xəbərlərdə deyilir ki, Karapetyanı güllələyən elə onun öz həmkarı, “Karameli Arut” ləqəbli Arutyun Qaragözyandır. O da “Çiçəklənən Ermənistan” partiyasından deputat olub və qətl iki keçmiş deputat arasında çox güman ki, biznes münaqişəsinə görə baş verib.
Arutyun Qaragözyan
Öldürülən Karo Karapetyan “Yuvetsi Karo” ləqəbi ilə tanınır və erməni KİV-lərinin yazdığı kimi onun parlament fəaliyyətinə heç bir dəxli olmayıb. Bizneslə məşğul olub və tez-tez kriminal xronikanın qəhrəmanına çevrilib. Əvvəllər polisdə yüksək vəzifə tutan Karapetyan 2009-cu ildə həmkəndlisi Artur Zadoyana bir neçə dəfə atəş açıb, bundan əvvəl isə onu döyüb. Lakin işi necə fırladıblarsa Karapetyan zərərçəkmiş kimi tanınıb, Zadoyana isə cinayət işi açıblar. Sonda iş bağlanıb.
Arutyun Qaragözyan da kriminal keçmişə malikdir, məlumatlara görə iki keçmiş deputat arasında əmlak mübahisəsi yaranıb və onlar məsələni həll etmək üçün restoranda görüşüblər. Və “Karameli Arut” öz həmkarına atəş açıb.(virtualaz.org)
pia.az