“Azərbaycan lazımı zamanda və yerdə zərbəni endirməlidir”
Ermənistan artıq Rusiyanın müttəfiqliyinə güvənmir.Bu sözləri Axar.az-a Ermənistanın 2019-cu il üçün nəzərdə tutulan dövlət büdcəsində hərbi xərclərin artırılması haqda qərarı şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Paşinyan hakimiyyətə gələndən sonra daha çox qərbyönümlü siyasətin istiqamətlərini dəstəkləyirdi. Bu da Ermənistanın Rusiyanın təhlükəsizlik sistemindən çıxmaq niyyətini nəzərdə tuturdu. Belə hesab edilirdi ki, Rusiyanın təhlükəsizlik zəmanətləri artıq Ermənistana şamil olunmur. Belə fikirlər Ermənistan ictimaiyyətində ələlxüsus da 2016-cı ilin Aprel hadisələrindən sonra daha da gücləndi. Hərbi büdcənin artırılması da buna dəlalət edir. Görünür, Ermənistan artıq Rusiyanın müttəfiqliyinə güvənmir. Bu səbəbdən də sözügedən qərar Ermənistan üçün məntiqlidir”, – T.Zülfüqarov bildirib.
T.Zülfüqarov Ermənistandakı son siyasi proseslərə də nəzər salıb: “Paşinyanın tərəfdarları və Qarabağ klanı arasında gedən daxili siyasi çəkişmələrdə və ya onun hansısa mərhələsində Azərbaycan faktorunun istifadə ediləcəyini istisna etmirəm. Yəni xaricdən olan təhlükəni daxili siyasətə daşıyacaqlar. Aydındır ki, İrəvan birmənalı siyasət yürüdür. Bu mənada Ermənistandakı daxili ziddiyyətlərin gec-tez ciddi toqquşmalara gətirib çıxaracağını düşünürəm. Əslində, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atasına Qarabağda müəmmalı şəkildə təşkil edən sui-qəsd çox şeydən xəbər verir. Yəni artıq ilk toqquşmanın cizgiləri mövcuddur. Hesab edirəm ki, bu proseslər elə Qarabağ münaqişəsinin siyasi nəticələridir”.
Sabiq nazir Ermənistandakı siyasi çəkişmələrin davamlı olacağını bildirib: “Ümumiyyətlə, süni yaradılmış “Miatsum” ideyası ən sonda Ermənistan və Qarabağ erməniləri arasında siyasi səhnədə rəqabətin dərinləşməsinə gətirib çıxarıb. Əslində, Qarabağ mövzusu Ermənistanın tənəzzülü deməkdir. Bu ölkədə hakimiyyət dəyişikliyi də məhz ona görə baş verdi. Ermənistanda demokrafik problemlər çox ciddi hal alıb, ölkə əhalisi az qala iki dəfə azalıb. Bunu Dağlıq Qarabağ ermənilərinə də şamil etmək olar. Faktiki izolyasiyaya uğramış bir ölkənin daxili bazarı yox səviyyəsindədir. Real olaraq heç bir ixracatı olmayan Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayır. Buna baxmayaraq, Paşinyan Qarabağ siyasətini dəyişmək niyyətində deyil, əksinə, mövqeyini daha da sərtləşdirir. Bu isə o anlama gəlir ki, böhran daha da inkişaf edəcək və gec-tez Ermənistan-Azərbaycan konfliktinə ciddi təsir göstərəcək. Bu fonda hesab edirəm ki, Azərbaycan lazımı zamanda və yerdə zərbəni endirməlidir”.
Qeyd edək ki, Ermənistan 2019-cu il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsində hərbi xərclərini 60,7 milyon dollar və ya 13,6% artıraraq 528,7 milyon dollara çatdırıb.
Bu, Ermənistanın 2008-ci ildən bu yana ikinci ən böyük hərbi büdcəsidir.
MilliYol.Az