Ukraynada diaspor rəhbəri ilə bu ölkədəki səfirimiz arasında qarşıdurma böyüyür
Ehtimal ki, Komitə sədri Ukraynadakı diplomatik korpusumuza qarşı hücumları özünə yaxın olan digər diaspor nümayəndələri vasitəsilə də davam etdirəcək.
Ukraynada Azərbaycan diaspor icması ilə respublikamızın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri arasındakı qarşıdurma daha dərinləşməkdədir. Daha doğrusu, “soyuq müharibə” aparan tərəflərdən biri “Qafqaz Xalqlarının Konqresi” təşkilatına rəhbərlik edən Paşa Məmmədovdur. Artıq qarşıdurma o səviyyəyə çatıb ki, diaspor rəhbəri mətbuat konfransı keçirərək Azərbaycanın Ukraynadakı diplomatik təmsilçisinin ünvanına çox sərt şəkildə ittihamlar səsləndirib.
Sözü gedən mətbuat konfransı ilə bağlı bu linkdən məlumat ala bilərsiniz :Təşkilat sədri Ukraynadakı səfir barədə ilginc açıqlamalar verdi - Kiyevdə brifinq
Bir sözlə, tərəflər arasındakı münaqişə həm açıq, həm də gizli- kompromat müharibəsi şəklində davam edir və “Qafqaz Xalqlarının Konqresi” təşkilatının rəhbərinin Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə qarşı ittihamları doğurdan da ciddidir. Etiraf etməliyik ki, səfir Azər Xudiyevin Ukrayna DİN-in rəhbəri Arsen Avakova Azərbaycan diasporunun rəhbərini şikayət etməsini sıradan bir kal kimi qəbul etmək mümkün deyil. Bu hər şeydən əvvəl onun göstəricisidir ki, səfir Azər Xudiyevlə diaspor rəhbəri Paşa Məmmədov arasında konfliktin çox dərin kökləri var və konflikti səfir və diaspor rəhbəri öz aralarında və yaxud da Bakının vasitəçiliyi ilə həll edə bilmirlər
Lakin MilliYol-a Ukraynadakı mənbələrdən daxil olan məlumata görə, bu müharibə münaqişənin görünən tərəfidir. Mənbə bildirir ki, diaspor icması ilə səfirlik arasında sərinlik əvvəl də var idi. Lakin qarşıdurmanın alovlanması Diasporla İş üzrə Komitənin yeni və iddialı sədri Fuad Muradovun Ukraynaya gələrək icma nümayəndələri ilə görüşündən sonra baş verdi.
“Hər şey cənab Muradovun səfərindən sonra başlandı. Onun guya icma nümayəndələrini barışdırmaq üçün Kiyevə səfər etdiyi açıqlansa da görünən mənzərə başqa qənaət formalaşdırır” - deyə mənbə MilliYol-a bildirib.
Lakin diaspor-diplomatik nümayəndəlik qarşıdurması Ukrayna ilə məhdudlaşmır. Yaddaşlı oxucuların diqqətini son aylar mediada gedən Fuad Muradov – Elmar Məmmədyarov ixtilafına çəkmək istəyirik. Yerli mətbuatın iddiasına görə, Azərbaycan xarici siyasət idarəsinin şefi ilə diasporla iş komitəsinin sədri arasında soyuq küləklər əsir. Hətta XİN rəhbərinin Komitə sədrinin dəvətlərinə əhəmiyyət vermədiyi, onun təşkil etdiyi tədbirlərə ikinci, üçüncü, hətta daha aşağı ranqlı məmurları göndərdiyi qeyd olunur.Mənbəmiz Ukraynadakı münaqişənin də iki iriçaplı məmur arasındakı ixtilafın tərkib hissəsi olduğunu iddia edir və Ukraynadakı diaspor rəhbərinin son mətbuat konfransının da mübarizənin yeni bir mərhələsi olduğunu bildirir.
Ehtimal ki, Komitə sədri cənab F. Muradov diplomatik idarəmizə qarşı hücumları özünə yaxın olan digər diaspor nümayəndələri vasitəsilə də edəcək. İzləyək...
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az