Yaxın gələcəkdə 18+ yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən onun yaş kateqoriyası haqqında xəbərdarlıq ediləcək
Yayımçılar bunu, televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməli olacaqlar.
Bu gün, oktyabrın 3-də Milli Məclisin insan hüquqları komitəsində ikinci oxunuşda müzakirə edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində belə nəzərdə tutulur.
Müzakirələr haqda parlamentin mətbuat xidmətinin məlumatında bildirilir.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Layihədə uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər anlayışlara izahatı verilir.
Layihənin üçüncü fəslində informasiya məhsulunun işarələnməsi, informasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri əksini tapıb. Layihəyə görə, həmçinin uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaq üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Deputatların layihəni bəyəndiyi, Milli Məclisin plenar iclasına tövsiyə etdiyi bildirilir.
MilliYol.Az