Latviya Respublikasının vətəndaşı, “IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib
XİN-dən verilən məlumata görə, o, məktubunda 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib.
H.Egliens bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək sözügedən səfərlə əlaqədar Azərbaycan dövləti və xalqından üzr istədiyini qeyd edib.
H.Egliens səfərlə əlaqədar təəssüfünü ifadə edərək Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. O həmçinin gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.
Sonda H.Egliens gələcəkdə Azərbaycana səfəri üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.
MilliYol.Az