“Biz pulun siyasətə təsirinin əleyhinəyik, biz dövlət maliyyəsinə xüsusi şəxslərin nəzarətinin əleyhinəyik, biz insanla əmtəə kimi davranışın əleyhinəyik, bizi ac qoyan əmək haqqının əleyhinəyik, biz qrupların və dəstələrin hakimiyyətinin əleyhinəyik...”
Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti Franklin Ruzvelt ölkəsinin tarixinə ən uğurlu dövlət başçılarından biri kimi düşüb. Ötən əsrin 30-cu illərinin əvvəllərini amerikalılar Amerikanın depressiya dövrü adlandırırlar. Məhz bu dövrdə, ölkənin böhran vəziyyətində olduğu bir vaxtda, 1933-cü ildə prezident seçilən Franklin Ruzvelt problemlər burulğanına düşən Amerikanı mövcud vəziyyətdən çıxara bilib. Amerikanın “siyasi ulduz”u statusunu qazanan Ruzvelt 1933-cü ildə qəbul etdiyi Amerikanı 1945-ci ildə güclü bir dövlət kimi təhvil verib. O, təkcə ABŞ-da deyil, bütün dünyada görkəmli dövlət xadimi kimi qəbul edilib.
14 yaşına kimi yalnız evdə təhsil alan Franklin Ruzvelt sonradan Harvard kollecində təhsil alıb. Yaşıdlarından özünə əminliyi ilə fərqlənən gənc Franklin jurnalistika sahəsinə böyük həvəs göstərib. Elə bu həvəs də onu tələbə qəzetinin redaksiyasına aparıb. O, əvvəlcə bu qəzetdə müxbir, daha sonra isə baş redaktor işləyib. İmkanlı ailədən çıxdığından maddi ehtiyacı olmayan Franklin öz fəaliyyətində yalnız gələcək karyerasını düşünüb. Kolleci bitirdikdən sonra Kolumbiya Universitetinin hüquq fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı illərdə də kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edib.
Kiçik vəzifələrdə çalışan və şəxsi biznesi ilə məşğul olan Ruzvelt öz gələcəyinə böyük ümidlə baxıb və onun çalışqanlığı heç vaxt diqqətdən yayınmayıb. 1921-ci ildə adi bir hadisədən, soyuq suda çimməyindən Ruzvelt poliomielit xəstəliyi qazanıb. Bu xəstəlik nəticəsində o, ömrünün sonuna qədər əlil arabasında gəzib. Lakin bu xəstəlik də onun iradəsini sındırmayıb.
1928-ci ildə Ruzvelt Nyu-York ştatının qubernatoru vəzifəsinə seçilib. Bu vəzifədə işləməsi onun gələcək siyasi karyerasında böyük rol oynayıb. Qubernator kimi radioda ilk çıxışındakı “Bizim ağır yaşadığımız zamanda bizə sosial piramidanın binövrəsində olan, unudulmuş insana ümid bəsləyən planlar lazımdır” ifadəsi Nyu-York sakinlərinin gələcəyə itmiş inamlarını yenidən bərpa edib.
Birinci prezidentlik dövrü Franklin Ruzveltin siyasi fəaliyyətində ən çətin dövr və sınaq müddəti kimi sayılıb. Ruzvelt ilk növbədə ölkənin iflic vəziyyətinə düşmüş banklarını, bərbad vəziyyətdə olan iqtisadiyyatını dirçəltmək üçün mümkün olan bütün tədbirləri həyata keçirib. İlkin nəticələr özünü göstərdikcə Ruzvelt şəxsən özü bu haqda ölkə vətəndaşlarını məlumatlandırıb. Onun çox sadə xalq dilində müraciətləri həyəcanlı amerikalıları sakitləşdirib. Həmin ərəfədə onu “xalq prezidenti” adlandırıblar. O çalışıb ki, sadə amerikalılardan heç nə ilə fərqlənməsin. Amerikanın böhran vəziyyətdə olduğu dövrdə Ruzveltin etdiyi naharın qiyməti cəmisi 19 sent məbləğində olub. Həmişə zəngin yaşamış prezident üçün bu çətin olsa da, Ruzvelt özünü xalqdan üstün tutmaq istəməyib.
Ruzveltin atdığı bütün addımlar Amerikaya xeyir və uğur gətirib. Siyasi məntiqə əsaslanan gedişlər, uzaqgörənlik zaman-zaman ABŞ-ı düşdüyü vəziyyətdən çıxarıb.
1939-cu ilin sentyabrın 1-də ABŞ-ın Fransadakı səfiri Bullit Ruzveltə zəng edib Almaniyanın Polşaya hücumu haqqında məlumat verəndə Amerika prezidenti sevincini gizlədə bilməyib:
- Əla, Bullit, nəhayət, bu məsələ baş tutdu. Demək, Allah Amerikaya kömək olacaq.
Həmin dövrdə bu müharibə Ruzvelt üçün hava və su qədər vacib idi. Çünki Amerikanın hərbi texnikalarının, sursatlarının beynəlxalq bazarlardan gətirəcəyi gəlir ölkənin maliyyə problemlərini həll edəcəkdi.
Franklin Ruzvelt müharibədən sonra SSRİ ilə sıx əlaqələrin qurulmasının tərəfdarı olub. Alman faşizminə qarşı mübarizədə Ruzvelt digər müttəfiq ölkələrdən daha çox SSRİ-nin fəaliyyətini yüksək qiymətləndirib, sovet vətəndaşlarının vətənpərvərliyi onu hətta təəcübləndirib:
“Müharibə zamanı sovet insanları öz şücaətlərini, vətənə sevgilərini, sınmaz iradələrini nümayiş etdirdilər ki, hələ dünya belə şey görməmişdi. Müharibədən sonra SSRİ ilə xöş dostluq əlaqələrinin yaradılması ölkəmiz üçün arzuolunandır. Əgər bir xalq özü ilə bərabər dünyanı təhlükədən qoruyursa, o dostluğa layiqdir...”
ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt filatelist olub. O dünyanın hansa ölkəsində olubsa, marka almağa vaxt tapıb. Ruzvelt yığdığı markaları nümayiş etdirməkdən zövq alıb. O, prezident seçildikdən sonra Amerikada filatelistlərin sayı artıb.
Ruzvelt qadınlara qarşı da biganə olmayıb. Prezident hündürboy xanımlara daha çox üstünlük verib. Məşuqə axtarışlarında və seçimində Ruzvelt çox da çətinlik çəkməyib. Onun əsas sevgi macəraları Ağ Evdə çalışan katibələr Lyusi Merser və Missi Lexand olub.ara
Franklin Ruzveltin həyat yoldaşı Eleonar Amerikanın ictimai və siyasi həyatında kifayət qədər fəallıq göstərib. Qeyd edək ki, o, 1901-1909-cu illərdə ABŞ prezidenti olan respublikaçı Teodor Ruzveltin qardaşı qızı olub. Xanım Ruzvelt Amerika prezidenti üçün həyata beş oğul və bir qız gətirib. Xanımının siyasi fəallığı bir çox hallarda Ruzvelti hiddətləndirib. Adi iş günlərinin birində Ruzvelt yuxudan oyananda görüb ki, həyat yoldaşı evdə yoxdur. Həmin gün Eleonar türmədə xeyriyyə tədbirinə gedib. Xidmətçilərdən həyat yoldaşının hara getdiyini soruşunda cavab veriblər ki, xanımınız türmədədir. Prezident başını bulayaraq deyib:
- Mənim buna şübhəm yoxdur. Ancaq maraqlıdır ki, nəyə görə tutublar?
Franklin Ruzvelt Amerikanın tarixində ilk dəfə olaraq 1944-cü ildə dördüncü müddətə prezident seçilib. Lakin o, bu prezidentlik müddətini başa vura bilməyib. Ruzvelt 1945-ci il aprelin 12-də beyninə qansızma nəticəsində vəfat edib.(İlham Cəmiloğlu)
MilliYol.Az