Ötən gün Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır
Belə ki, Məcəllənin 322-ci maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilib. Bu cərimə sərnişindaşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.
İnzibati Xətalar Məcəlləsinə edilən digər dəyişikliyə görə isə cəzalar sərtləşdirilir. Məcəllənin 212-ci maddəsinə 5-ci bənd əlavə edilib. Əlavə edilən bəndə qeyd olunub ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimələnəcək.
Yeni siqaret qadağaları sosial şəbəkələrdə də müzakirə olunur. Fərqli fikirlər səsləndirilsə də, ümumi ictimai rəydə cərimələrin tətbiq olunması müsbət qarşılanıb.
Musavat.com olaraq mövzu ilə bağlı vətəndaşların mövqeyini öyrənmək üçün paytaxt sakinləri arasında videosorğu keçirdik.
Vətəndaşlar siqaretlə bağlı cərimələrin tətbiqini birmənalı qarşılamayıb, maraqlı reaksiyalar veriblər. Lakin əksər respondentlər qadağaların və cərimələrin zəruri olduğunu, o cümlədən insanların sağlamlığı baxımından müsbət nəticə verəcəyini bildiriblər. Siqaret çəkənlər də cərimələrin yetərincə ciddi olduğunu və artıü daha diqqətli davranacaqlarını qeyd ediblər.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
MilliYol.Az