Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb
İtaliyanın "Il Messaggero", "Askanews", "9colonne", "Agenzia Nova", "Radioradicale", "Notizie Yahoo", "Comunicazione Inform", "Agvivelino", "Prealpina", "Rete Sole" və "Rete7" kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.
Yazılarda İtaliya Senatının Custiniani sarayında təşkil olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri" adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar əlaqələrin inkişafındakı rolundan bəhs edilib.
Həmçinin İtaliya KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş rəsmi ziyafət barədə məlumat verib. Ziyafətdə Birinci vitse-prezident Mehriban Əliyevanın və İtaliya hökuməti adından çıxış etmiş iqtisadiyyat və maliyyə naziri Covanni Trianın fikirlərinə yer verilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə dair sərgi və sənədli filmin nümayiş olunması da qeyd edilib.(azərtac)
MilliYol.Az