Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır
Belə ki, Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişindaşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.
İnzibati Xətalar Məcəlləsinə edilən digər dəyişikliyə görə isə cəzalar sərtləşdirilir. Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir. Əlavə edilən bəndə qeyd olunub ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimələnəcək. Hər iki layihə səsverməyə çıxarılaraq qəbul olundu.(musavat.com)
MilliYol.Az