"Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".
MilliYol.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.
Dövlə başçısı bildirib ki, Ermənistanın beynəlxalq aləmdə güclü himayəçiləri var: "Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil.
Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq".
İlham Əliyev ABŞ dövlət katibi Con Kerrinin Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmaması ilə bağlı bəyanatına da toxunub: "Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq.
Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
MilliYol.Az
Digər xəbərlər
loading...