Göygöl rayonunda 25 ədəd zenit-top mərmisi tapılıb
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, sentyabrın 28-i saat 17:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Göygöl rayonunda keçmiş heyvandarlıq sovxozunun ərazisində xeyli sayda partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 25 ədəd 30 mm-lik zenit-top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Agentlikdən bildirilib ki, havanın qaranlıq olması ilə əlaqədar olaraq, ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.
MilliYol.Az