Almanların əksəriyyəti Angela Merkelin kansler postunu vaxtından əvvəl tərk edəcəyini düşünür
“İnterfax” informasiya agentliyi xəbər verir ki, bu nəticə “Civey” sosiologiya institutunun “t-online.de” xəbər portalının sifarişi ilə keçirdiyi internet-sorğuda əksini tapıb. Sorğunun nəticələri sentyabrın 27-də, Merkelin yaxın silahdaşı Folker Kauderin Bundestaqdakı mühafizəkar XDİ/XSİ fraksiyasının sədri postunu tərk etməsindən bir gün sonra dərc olunub.
Merkelin kansler postunda müddəti bitənə qədər qalacağı ilə bağlı suala respondentlərin təxminən 55 faizi “əlbəttə, yox” və ya “yəqin ki, yox” cavabını verib, 37,8 faizi isə bunun əksini söyləyib.
Bununla yanaşı, suala müsbət cavab verənlərin böyük hissəsi XDİ/XSİ fraksiyasının (62 faiz), əks fikirdə olanların çoxu isə “Almaniya üçün alternativ” partiyasının (83,6 faiz) və “Almaniyanın azad demokratik partiyası”nın tərəfdarlarıdır (63,3 faiz).
Qeyd edək ki, 25-26 sentyabrda keçirilən sorğuda 5099 nəfər iştirak edib. (strateq.az)
MilliYol.az