"Vətəndaşların xəbəri olmadan onların adına çoxsaylı bağlamalar gəlir ki, bu da “Azərpoçt” əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair ehtimalları artırır"
Bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etməsi məsələsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, xüsusilə "Azərpoçt"un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəlirik:
"Bakıda fəaliyyət göstərən "Azərpoçt" bizə bu işdə yardımçı olur. Lakin məsələ bölgələrdən gedir.
Xaricdən telefon bağlaması rayonun poçt şöbəsində hər hansı bir şəxsin adına göndərilir. Bu halda adına bağlama göndərilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə poçt şöbəsinə yaxınlaşaraq göndərilən bağlamanı təhvil almalıdır.
Poçt şöbəsində məsul şəxsin də əsas vəzifəsi bundan ibarətdir ki, həmin vətəndaşın bağlamanı təhvil aldığına dair eyniləşdirməni aparsın. Qanunla siz mənim adıma gələn bağlamanı təhvil ala bilməzsiz.
Onu da qeyd edim ki, poçt şöbəsinə göndərilən bağlama geri qaytarılmır. Lakin araşdırmalarımız bizdə o ehtimalı yaradır ki, həmin şəxslərin bu prosesdən xəbəri yoxdur və o bağlamalar qeyd edilən şəxslərə aid deyil. Çünki, biz həmin vətəndaşların bir qismini tapıb izahat alırıq və o şəxslər israrla bildirir ki, onların adına ölkəyə göndərilən mobil telefon və ya hər hansı başqa məhsuldan onların xəbəri yoxdur. Amma faktiki olaraq sənədin alıcısının poçtda o olduğu göstərilir. Deməli poçt şöbələrində bu prosedura maraqlı olan hansısa dairələr var.
Əgər alıcı olaraq sözügedən şəxslərin öz ünvanları qeyd edilsə, biz bu məsələnin üzərinə bu qədər gedib araşdırma aparmarıq. Amma bu telefon bağlamaların alıcısı poçt şöbələri göstərilirsə, bu şübhə doğurur. Sadəcə olaraq onlar kimdir, kimlərdən ibarətdir o məlum deyil. Biz də öz növbəmizdə bu istiqamətdə ciddi araşdırmalar aparırıq. Təbii ki, həmin şəxslərin kimliyi aydınlaşan kimi işbazlarla əməkdaşlıq edənlərin də kimliyi açıqlanacaq. Hazırda bu prosesin nəticələri haqqında söz söyləmək tezdir. Məsələnin yekun nəticələri media ilə paylaşılacaq". (qafqazinfo.az)
MilliYol.az