"Növbəti il Bakıda keçiriləcək turnirdən gözləntilərimiz böyükdür. I Avropa Oyunları zamanı Bakıda oldum"
"Azərbaycanın böyük və nüfuzlu idman tədbirlərini necə yüksək səviyyədə təşkil etdiyinin əyani şahidiyəm”
Bunu Avropa Badminton Konfederasiyasının (BEC) baş katibi Brayan Aqerbak Azərbaycan Badminton Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlamasında deyib.
O, Bakıda keçiriləcək “Azerbaijan International 2019” turnirindən və gələcəkdə Avropa və ya dünya çempionatının Azərbaycanda təşkil olunma perspektivindən danışıb: “Burada böyük təcrübə və hazır idman infrastrukturu var. Avropa Oyunlarından da miras qalıb. ABF inkişaf edir və bu cür böyük idman yarışlarını təşkil etməyə hazır olduğunu düşünürəm. Avropa Oyunlarında qazanılan böyük təcrübə bu kimi idman tədbirlərinin təşkilində mühüm rol oynayır. Düşünürəm ki, badminton üzrə beynəlxalq turnir də ən yüksək səviyyədə təşkil olunacaq. İnfrastruktur və böyük beynəlxalq təcrübəyə əsaslanaraq deyə biərəm ki, gələcəkdə Bakıda badminton üzrə Avropa və dünya çempionatı keçirilə bilər”.
B.Aqerbak Azərbaycanda idmana böyük diqqət ayrıldığını vurğulayıb: “I Avropa Oyunlarından sonra azərbaycanlı badmintonçular beynəlxalq turnirlərdə yaxşı mübarizə aparırlar. ABF BEC-in ümumi fəaliyyətində, illik tədbirlərimizdə fəal iştirak edir. Ümumi əməkdaşlığa dostcasına töhfə verir. ABF Avropa badminton ailəsinin çox əhəmiyyətli tərəfdaşıdır və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram".
Xatırladaq ki, “Azerbaijan International 2019” beynəlxalq badminton turniri növbəti ilin 6-9 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. (report.az)
MilliYol.az