Rusiyaya məxsus “İl-20” təyyarəsi Aralıq dənizinin Suriya sahillərində vurulandan sonra Rusiya İsrail siyasətçilərini Moskvada qəbul etməməyə qərar verib
Bunu “Haaretz” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, İsrail hökuməti baş nazir Benyamin Netanyahu ilə müdafiə naziri Aviqdor Libermanın Moskavaya birgə səfərini nəzərdən keçirib. Ancaq Kreml səfər təklifinə rədd cavabı verib.
Qəzetin yazdığına görə, İsrail hökuməti ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabatın başçılığı ilə Moskvaya nümayəndə heyəti göndərmək istəyib.
Bu heyətə İsrail Müdafiə Nazirliyinin və Baş Qərargahın təmsilçilərinin daxil olması gözlənirmiş. Amma “İl-20” təyyarəsinin vurulmasına görə iki ölkə arasında ciddi problem yaranması səbəbindən bu səfər də baş tutmayıb.
Qeyd edək ki, sentyabrın 17-də Aralıq dənizinin sahillərində Rusiyanın “İl-20” təyyarəsi vurulub. Nəticədə 15 hərbçi həlak olub. Rusiyanın Müdafiə Nazirliyi təyyarəni İsrail ordusunun vurduğunu bildirib. (report.az)
MilliYol.az