Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçirilməsinə yer ayrılması üçün ünvanlanan müraciətə müsbət cavab verib
Mitinqin təşkil edilməsi ilə bağlı yaradılan Qarabağ Komitəsinin üzvü, jurnalist Əvəz Zeynallı “Report”a açıqlamasında deyib ki, şəhər icra hakimiyyətində mitinqlə bağlı müraciətə baxılıb, Qarabağ Komitəsinin sentyabrın 29-da saat 15:00-dan 17:00-dək Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirilməsinə razılıq verilib.
Komitə üzvünün sözlərinə görə, mitinqdə “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” və s. şüarlar səsləndiriləcək.
Ə.Zeynallı bildirib ki, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar mitinqə dəstək verəcəklərini açıqlayıblar.
O qeyd edib ki, Qarabağ Komitəsinin mitinqə dəvətlə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Real Partiyaya etdiyi müraciət cavabsız qalıb: “Biz həmin təşkilatlara yenidən müraciət etməyi düşünürük”.
MilliYol.az