"Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin Azərbaycana gözlənilən növbəti səfəri son dövrlər ərzində iki ölkə prezidentinin altıncı görüşü olacaq"
"Bu görüşlərdən ikisi Rusiyada olub, ikisi isə beynəlxalq səviyyədə baş tutub, biri ölkəmizdə baş tutub, bir isə sabah reallaşacaq".
"Azərbaycan-Rusiya münasibətləri region üçün çox vacibdir. Bu münasibətlər faktiki olaraq bölgədə sabitliyi, inkişafı və regionun gələcək siyasi xəritəsini müəyyən edəcək dərəcədə vacib olan münasibətlər kimi qiymətləndirilməlidir".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
O qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən Rusiya prezidentinin qarşılanması, onun buraya səfərinin həyata keçirilməsi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük təkan verəcək:
“Əminəm ki, bu, regionda sabitliyə də xidmət edəcək. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinə müsbət təsirini göstərəcək”.
“Rusiya prezidentinin Bakı səfərindən sonra Ermənistana da səfəri olacaq. Bu səfər zamanı Qarabağ məsələsi ilə bağlı Ermənistana təzyiq edilməsi gözləniləndirmi?” sualına cavabında isə komitə sədri burada təzyiqlərdən söhbət getmədiyini bildirib.
“Söhbət ondan gedir ki, Azərbaycan-Rusiya münasibətləri bu gün regionun gələcəyini müəyyən edən əsas münasibətlər kimi formalaşıb. Bu münasibətlərə hansı dövlət, hansı qurum qoşulacaqsa, udacaq, qoşulmayacaqsa, regionda inkişafdan, sabitlikdən kənarda qalacaq.
Biz görürük ki, bu gün Ermənistan bütün səyləri ilə regionda sabitliyi pozmaq, faktiki olaraq, regionda gedən proseslərdən kənarda qalmaq siyasəti aparır. Ona görə də Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi Ermənistana bir mesaj, bir siqnaldır.
İnanmaq istərdik ki, onların siyasi müdrikliyi çatar ki (əslində, buna o qədər də inanmaq olmur), mesajı düzgün qəbul etsinlər”, - deyə S.Seyidov əlavə edib.
MilliYol.az