"Azərbaycanın növbəti "Azərspace 2" peykinin orbitə çıxarılması tarixi hadisədir və dövlətimizin növbəti qələbəsi, uğurudur"
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, növbəti peykimizin orbitə buraxılması dövlətimizin gücünün, qüdrətinin göstəricisidir:
"Dünyada az sayda dövlətlər var ki, onlar peyklərə malikdir. Bu, təkcə bizə iqtisadi dividend gətirmir, eyni zamanda həm siyasi, həm də mənəvi mənada böyük uğur deməkdir. Son beş il ərzində 3 peykə sahib olan Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünya kosmik sənayesində öz mövqelərini möhkəmləndirir".
Deputat qeyd edib ki, bu peykin orbitə çıxarılmasının çox böyük iqtisadi gəlirləri olacaq və qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq: "Ölkəmiz bu peyklər vasitəsilə böyük gəlirlər əldə edəcək. İnformasiya təhlükəsizliyi baxımından da bu peyklərin çox böyük əhəmiyyəti var".
M.Quliyev əlavə edib ki, "Azərspace 2" peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də böyük töhfədir.
MilliYol.az