Azərbaycan bank sektorunda kredit portfelinin 70 faiz azalaraq 25 milyard manatdan 11.5 milyard manata düşməsi ən çox aktivləri az olan banklara təsir edir
EkoNews xəbər verir ki, hazırda banklar içərisində ən az aktivə sahib bank "AmrahBank"dır. Bankın aktivləri 196 milyon manat təşkil edir.
Bank ən böyük gəlirini demək olar ki, kreditlər hesabına əldə edir ki, bu yalnız öz vergi və digər xərclərini qarşılamağa yetir. Kredit bazarında olduqca kiçik həcmdə iştirak edən "AmrahBank"ın ümumi kreditlərinin həcmi təxminən 90 milyon manat təşkil edir. Ötən illə müqayisədə bankın kredit həcmləri 67 milyon manatdan çox azalıb. Ümumilikdə bankın həm xalis əməliyyat mənfəəti azalıb, həm də problemli kreditlərin sayı artıb.
2017-ci ilin 1-ci rübü ilə müqayisədə götürəndə bank aktivləri 44 milyon manatdan çox azalıb. Bunu faiz gəlirlərinin səmərəli istifadə olunmaması ilə izah etmək olar.
Bankın aktivlərinin 44 milyon manat həcmində azalması əməliyyat imkanlarını azaldıb və hazırda "AmrahBank"ın məcmu kapitalı 34 milyon manat təşkil edir. Bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı təyin etdiyi 50 mln. manat həddindən 16 milyon manat azdır. Ötən il isə Bankın məcmu kapitalı 51 milyon manat idi.
Xalis gəlirin ötən illərlə müqayisədə sürətlə azalmasını nəzərə alaraq demək olar ki, "AmrahBank" Mərkəzin Bankın qoyduğu tələbləri ödəyə bilməyəcək. Bu da bankın fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən son qoyulacağı fikirlərini yaradır.
Qeyd edək ki, bu ilin ilk yarısını 5 milyon 384 min manat xalis zərərlə başa vuran bank istehlak kreditlərinin verilişini qeyri-müəyyən müddətədək dayandırıb.
MilliYol.az