Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Komitədən verilən məlumata görə, əvvəlcədən qəbula yazılmış vətəndaşlara Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri ilə görüşmək, onlara öz müraciətlərini çatdırmaq imkanı yaradılıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbul etdiyi məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil məsələsi ilə bağlı olub.
Məcburi köçkünlər öz problemləri barədə məlumat vermək, arzu və istəklərini ifadə etməklə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramının icrasından, Heydər Əliyev Fondunun bu sahədəki xeyirxah xidmətlərindən razılıqlarını bildirib, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində üzləşdikləri çətinliklərin tezliklə aradan qaldırılacağına inandıqlarını deyiblər.
Müharibənin nəticələrindən əziyyət çəkən vətəndaşlara bir daha izah edilib ki, onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərə köçürülməsi barədə tapşırığının icrası davam etdirilir. Digərlərinin yeni mənzillərlə təmin edilməsi məsələsi isə mərhələli şəkildə həll olunmaqdadır."Dövlət Komitəsinin rəhbəri və məsul işçiləri tərəfindən qəbul edilən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcək", - deyə, Komitənin məlumatında bildirilir.
MilliYol.az