Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyev və ailə üzvləri sentyabrın 21-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər
"Report" xəbər verir ki, görüşdə cüdo üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə keçirildiyi qeyd olunub. Azərbaycanın mötəbər idman tədbirlərinin mütəmadi olaraq keçirildiyi bir məkana çevrildiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirilib, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olunub.
Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulanıb, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.
Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.
MilliYol.Az