Azərbaycan beynəlxalq məsələlərlə bağlı çox uğurlu siyasət aparır, qonşu ölkələrlə əlaqələrimiz ən yüksək səviyyədədir
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox böyük hörmətə layiqdir:
“Avropa İttifaqının üzvü olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədimiz var və bu il Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb.
Bax, budur bizim uğurlu xarici siyasətimiz ki, bu gün daxili inkişafımıza da müsbət təsir göstərir.
O ki qaldı, iqtisadi sahəyə, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir.
Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir”.
İlham Əliyev bildirib ki, rəqabətqabiliyyətliliyi hesablaması bütün sahələri əhatə edir, təkcə enerji resurslarını yox.
“Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir.
Azərbaycan infrastrukturun səviyyəsinə görə, dünya miqyasında 26-cı yerdədir. Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində. Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidir və çox müsbətdir.
Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız hesab edirəm ki, çox təsirlidir. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır.
Bir sözlə, biz ölkəmizi bundan sonra da bu siyasətlə inkişaf etdirəcəyik. Bu gün biz innovasiyalara, texnologiyalara daha çox üstünlük veririk. Bir neçə gündən sonra Azərbaycan orbitə üçüncü süni peyki çıxaracaq. Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Orbitdə iki peykimiz var, üçüncü də çıxarılır”, - dövlət başçısı deyib.(oxu.az)
MilliYol.Az