Sentyabrın 21-də 62 yaşında vəfat edən Vyetnam Prezidenti Çan Day Kuanq tam müalicəsi mümkün olmayan nadir virus xəstəliyindən dünyasını dəyişib
“VnExpress” qəzeti xəbər verir ki, bu barədə Vyetnam Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. Nazirliyin idarə rəisi Nquen Kvok Çieunun sözlərinə görə, prezident bu xəstəliyə 2017-ci ilin iyul ayında yoluxub və həmin dövrdən bəri müalicə üçün 6 dəfə Yaponiyaya gedib.
“Yaponiyadan olan ekspertlər və həkimlər prezidentin müalicəsi ilə bir ilə yaxın məşğul olublar. Lakin bu xəstəliyi tam sağaltmağa qadir dərmanlar mövcud deyil, yalnız onun inkişafını zəiflətmək mümkündür”, - deyə Nquen Kvok Çieu bildirib.
O, bir müddət öncə prezidentin səhhətinin ağırlaşdığını və sentyabrın 20-si səhər saatlarında xəstəxanaya yerləşdirildiyini deyib. Çan Day Kuanq yerli vaxtla saat 17:00-da komaya düşüb və bir daha ayılmayıb.
Xatırladaq ki, Vyetnam Prezident Çan Day Kuanq bu gün yerli vaxtla saat 10:05-də Hanoy şəhərindəki 108-ci mərkəzi hərbi hospitalda vəfat edib.
MilliYol.Az