“Təsnim” İA (İran)
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon söhbətində İsrailin hava hücumlarının müstəqil Suriya dövlətinin ərazi bütövlüyünü pozulması olduğunu söyləyib.
Qeyd edək ki, Suriya ərazisinə hücum zamanı dörd “F-16” döyüş təyyarəsi səmada təhlükəli vəziyyət yaradıb, nəticədə, Rusiyaya məxsus “Il-20” təyyarəsi 15 rus hərbi personalı ilə birlikdə Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən “S-200” raketi ilə vurulub və təyyarənin qalıqları Aralıq dənizinə düşüb.
İsrail tərəfi əməliyyatın gedişi barədə Rusiya hərbi birliyini xəbərdar etməyib. Bu, iki tərəfin hava qəzalarının qarşısını almaq üzrə razılaşmasına ziddir.
Vladimir Putin sionist rejimin baş nazirinə belə bir hadisənin təkrarlanmasına icazə verməyəcəyini xatırladıb. Bu arada, Netanyahu hadisəyə görə Suriya ordusunu təqsirləndirməyə çalışaraq, Rusiya hərbçilərinin ölümünə təəssüfləndiyini bildirib. O, həmçinin İsrail hərbi hava qüvvələri komandanının hadisəni araşdırmaq üçün Moskvaya səfər edəcəyini deyib.
“Kommersan” qəzeti hadisə ilə əlaqədar yazısında qeyd edir ki, Rusiya prezidenti bunu “dəhşətli hadisələr zənciri” adlandırıb. Rusiyanın Müdafiə Nazirliyi başlanğıcdan İsrailin 15 hərbçinin ölümünə baiskar və bunu isbat etmək üçün sübutların olduğunu bildirsə də, israilli səlahiyyətlilər hadisəyə görə məsuliyyəti boyunlarına götürmək istəmirlər.
Hər halda, Vladimir Putin Rusiyanın bu hərəkətə hər kəsin başa düşəcəyi şəkildə mütləq cavab verəcəyini vəd edib. İsrail tərəfi isə Moskvanın tezliklə Suriyaya hava hücumlarına reaksiya verəcəyindən narahatdır.
İsrailin Moskvadakı səfiri Qeri Korn da Rusiya XİN-ə çağırılıb və Rusiya hökuməti tərəfindən tənbeh edilib. Söhbət zamanı xarici işlər nazirinin müavini Sergey Verşin Moskva səlahiyyətlilərinin Təl-Əvivin hərəkətini qeyri-qanuni və məsuliyyətsiz olaraq qiymətləndirdiyini vurğulayıb.
Rusiya Federasiyası Şurasında (Senatda) və Dövlət Dumasında İsrailin davranışı “təcavüz hərəkətlər” adlandırılıb və Moskvanın buna kəskin təpki verməsi çağırışı səslənib. Hətta İsraillə diplomatik əlaqələrin dayandırılması və hərbi zərbə tələbi irəli sürülüb.
İsrailin Moskvadakı səfirliyi bu günə qədər vəziyyətə şərh verməkdən imtina edib, amma İsrail hərbi rəsmiləri hadisənin səbəbini araşdırmaq üçün Rusiyaya bütün lazımi məlumatları təqdim etməyə söz veriblər.
“Kommersant”ın məlumatına görə, Rusiya, əlbəttə, məlum hərbi səhvə görə İsraillə hərbi münaqişəyə girməyəcək, bu, Moskvanın maraqlarına uyğun deyil. Ancaq bu hadisədən sonra Rusiya artıq Suriya torpağına İsrailin hərbi zərbələrinə səssizcə qalmayacaq və kəskin münasibət göstərəcək.
Fransa donanmasının müəmmalı davranışı
Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının sabiq rəisi, general-polkovnik Leonid İvaşov “Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibədə Suriya səmasında İsrail təyyarələrinin hücumuna Rusiyanın cavab tədbirlərindən birini açıqlayıb. Onun sözlərinə görə, çətin ki, İsrailin hücumlarından özünü müdafiə etmək üçün Rusiya “Hizbullah” hərəkatını qabaqcıl hərbi texnika ilə təmin etsin.
Qocaman rus hərbçisi deyib ki, Moskva Suriya ordusunun hava hücumundan müdafiə imkanlarını müasir avadanlıqla təchiz etməli, öz təyyarələrinin xarici təyyarlərdən fərqləndirə bilməsi imkanlarını gücləndirməlidir.
Hərbi ekspert Yuri Nitkaçev “Nezavisimaya qazeta”ya xatırladıb ki, “İl-20” təyyarəsinin fəlakəti Rusiyanın İsrail, hətta ABŞ-la əlaqələrində maraqlı bir vəziyyət yaradır. Onun sözlərinə görə, məlum raket hücumlarında Fransa donanması tərəfindən həyata keçirilən hücum faktı dəqiqləşdirilməlidir.
Ekspert qeyd edib ki, prosesin bu dərəcədə sıxlaşması ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə Rusiyanın birbaşa hərbi toqquşmasına gətirib çıxara və ümumilikdə Suriyada deyil, bütün Yaxın Şərqdə gərginliyin dərinləşməsinə səbəb ola bilər.
Suriyadakı hərbi bazaların müdafiəsi gücləndiriləcək
“İzvestiya” qəzeti də Suriyadakı vəziyyəti şərh edərək, Rusiya Duması Müdafiə Komitəsinin sədri Vladimir Şamanovun rəyini dərc edib. Onun fikrincə, Moskva İsrail və Suriyadakı Qərb koalisiyası ilə əlaqələr qurmalıdır.
Xmeymim hava limanında Rusiyanın hava məkanının müdafiə imkanları məqbul səviyyədədir, lakin Suriya ərazisində Rusiya hərbi bazalarının mühafizəsi daha da gücləndirilməlidir.
Qəzet xatırladıb ki, İsrail çoxdan bəri Suriyadakı hərbi qurğulara bir sıra hücumlar başlayıb, lakin indiyə qədər bu, Rusiyanın hərbi qüvvələri üçün təhlükə yaratmayıb, amma indi işlərin gedişi dəyişəcək. Prezident və Rusiyanın müdafiə naziri deyib ki, İsrailin hərəkətlərinə cavab veriləcək.
Əvvəllər Moskva rəsmiləri Təl-Əvivin istəyi ilə Suriya ordusunu “S-300” raket sistemləri ilə təmin etməkdən boyun qaçırıblar, lakin indi oxşar hadisələrin təkrarlanmaması üçün Rusiya Suriya hökumətini daha qabaqcıl müdafiə avadanlıqları ilə təmin edəcək.
MilliYol.Az