Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir
Axar.az xəbər verir ki, bu sözləri Konstitusiya Məhkəməsinin əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərarı haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər var idi:
“Xüsusən də “Dəmirbank”ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar həmçinin qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı ki, həmin əmanətin faizi 15-dir, yoxsa 17? Belə ki, 15 faiz sığortalanandır, amma 17 faizli əmanət qorunmur. Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə o deməkdir, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində divident faizi 17 yox, 15-dir. Yəni həmin əmanətlər qorunur və geri qaytarılmalıdır”.
İqtisadçı bildirib ki, bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər:
“Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir. Bu baxımdan bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı”.
MilliYol.Az