Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı-Quba-Rusiya yolunun dağılması ilə bağlı yeni müzakirələr başlayıb
Sadə vətəndaşlarla yanaşı ekspertlər və hətta deputatlar da bu müzakirələrdə fəal iştirak edirlər.
Əlbəttə, tikintisi 2009-cu ilin ortalarında tamamlanan və təxminən 700 milyon manata başa gələn yolun istismara verilməsindən 9 il sonra tamamilə sıradan çıxması (3 il keçməmiş dağılmağa başlamışdı -müəl.), üzərindən sükutla keçiləsi hadisə deyil. Bu, açıq-aşkar külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən və ya səmərəsiz xərclənməsindən xəbər verir.
Yəni, yolun qısa müddətdə tam dağılması tikinti zamanı korrupsiyanın – total mənimsəmənin baş verdiyinə dair ciddi şübhələr yaradır. Buna görə araşdırma aparılmalı, məsuliyyətə cəlb edilənlər olmalıdır. Ancaq hələlik hüquq-mühafizə orqanları susqunluq nümayiş etdirdiyindən, günahkarlar ancaq mətbuatda və sosial şəbəkələrdə ittiham olunur.
Media orqanları, eləcə də məsələyə münasibət bildirən ekspertlər, deputatlar isə 700 milyonluq yolun dağılmasına görə məsuliyyəti birmənalı şəkildə o dövrdə nəqliyyat naziri işləyən Ziya Məmmədovun üzərinə qoyur, onu ittiham edirlər. Bu da təsadüfi deyil.
Əvvəla, bu yolun tikintisi üçün vəsait məhz Nəqliyyat Nazirliyinə ayrılıb. Tikintini həyata keçirən “Azəryolservis” ASC isə Nəqliyyat Nazirliyinin tabeliyində idi. Belə ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna 2005-2010-cu illərdə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Yəni, pulun necə xərclənməsinə nəzarət Ziya Məmmədov tərəfindən həyata keçirilib.
İkincisi, yol 2009-cu ildə istifadəyə verilən zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya yolunun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra – 2012-ci ildə yol sıradan çıxmağa başladı, 9 il sonra isə tam dağıldı. Ona görə də, ictimaiyyət haqlı olaraq bu yolun belə tez dağılmasına görə Ziya Məmmədovun cavab verməli oduğunu düşünür. İnsanlar Məmmədovun bəzi suallara cavab verməsini istəyir: Niyə 30 il istifadə olunacağını dediyiniz yol 3 ilə dağıldı? O vədi verəndə yolun davamlılığını yoxlamışdınızmı? 700 milyonun neçə faizi “yeyilib” ki yol belə tez dağıldı və sairə.
Ancaq bu suallara cavab verməli olan yalnız Ziya Məmmədov deyil. Hətta dərindən araşdırılsa, bəlkə də bu “bahalı yolun” belə tez dağılmasına görə Ziya Məmmədov faktiki məsuliyyət daşıyanlar arasında heç də ön sıralarda olmayacaq.
Əlbəttə, bununla Ziya Məmmədovun günahsız olduğunu iddia etmək fikrindən uzağıq. Ziya Məmmədovun “ŞİŞİRTMƏ” sahəsindəki “istedadından” hələ uzun illər danışılacaq. Hörmətli Ziya müəllim 5 manatlıq layihəni 500 manata rəsmiləşdirməkdə, hətta sonradan bunu «özünəməxsus» şəkildə «əsaslandırmaqda» heç bir problem görməyən nadir nüsxələrdəndir.
Sabiq nazirin təkcə əvvəllər də mövcud olmuş Bakı-Aeroport yolunun yenidən tikintisi zamanı hər kilometrə görə 34 milyon dollar “xərcləməsi” (bəlkə də silməsi yazmalıydıq-müəl.) və bu fantastik qiyməti ərazinin relyefi, işçi qüvvəsinin dəyəri ilə “əsaslandırması” (sanki Himalay dağlarından isveçrəlilərə yol çəkdirib) dediyimizə əyani sübutdir.
Ancaq Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi ilə bağlı məsuliyyəti yalnız Ziya Məmmədovun üzərinə qoymaq ədalətli deyil. Məsələ ondadır ki, həmin dövrdə tikintiyə birbaşa nəzarəti, adı son illərdə müəmmalı şəkildə bir neçə dəfə dəyişdirilən, hazırki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinın sələfi olan “Azəryolservis” ASC həyata keçirirdi. 2003-cü ildən 2015-ci ilə qədər isə həmin quruma hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri işləyən, milət vəkili Cavid Qurbanov rəhbərlik edib.
Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi də məhz Cavid Qurbanovun “Azəryolservis” ASC-yə rəhbərlik etdiyi dövrdə, birbaşa onun nəzarəti altında həyata keçirilib. Yəni, 700 milyonluq yolun qısa müddətdən sonra dağılmasına görə hörmətli Cavid Qurbanovun heç də Ziya Məmmədovdan az məsuliyyət daşımadığını söyləmək olar. Bunu Cavid Qurbanovun özü də dolayısıyla etiraf edib.
O, 2015-ci ildə jurnalistlərə açıqlamasında Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi zamanı “səhvə yol verdiklərini” bildirib. Sitat: “Bakı-Quba yolunun çəkilməsində bizim səhvlərimiz olub. Bunu boynumuza almalıyıq. Birincisi, texnikaya düzgün əməl olunmayıb. İkincisi, ağır tonnajlı maşınların yükgötürmə qabiliyyəti normalarına riayət edilməyib. Bunları etiraf edirik”.
Başqa bir müsahibəsində isə, Cavid Qurbanov 30 il istismar müddəti qoyulan Bakı-Quba-Rusiya avtomobil yolunun qısa müddətdən sonra dağılmasını təcrübəsizliklə bağlayıb: “Hər yerdə keyfiyyətdə müəyyən nöqsanlar ola bilər. Bakı-Quba yolu birinci dəfə idi tikilirdi. Ona görə də, təcrübəmiz yox idi… Səhvlər tikinti zamanı görülən işlərlə bağlıdır. Bu ehtiyatsızlıq, vaxt gözlənilməməsi ilə bağlıdır. Bu da təcrübəsizlikdən irəli gələn bir şeydir”.
Göründüyü kimi, Cavid Qurbanov dolayısıyla da olsa Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmasına görə rəhbərlik etdiyi qurumun məsuliyyət daşıdığını etiraf edib. Düzdür, yolun belə tez dağılmasında eyni zamanda yük daşıyan maşınların normadan artıq yüklənməsinin də payı olduğunu bildirib: “Heç kəsi başa salmaq olmur ki, maşınlara bu qədər yük vurmayın… Dünyada, o cümlədən, Azərbaycan yollarında avtomobillərin maksimum yükgötürmə qabiliyyəti 12 ton nəzərdə tutulub. Amma bizdə reallıqda maşınlar 30 tondan çox yük aparırlar. Hər gün Azərbaycanda minlərlə “Shagman” normadan iki dəfə artıq yük daşıyır. Onları başa salmaq olmur ki, bu yol sənin yolundur, onu özün qorumalısan”.
Ancaq, əvvəla, bir kilometri 8-9 milyon dollara qədər şişirdilmiş smeta ilə yolu çəkəndə düşünmək lazım idi ki, buradan təkcə nəqliyyat boslarına məxsus avtomobillər yox, həm də yük avtomobilləri keçəcək. Ölkədə tikinti sektoru dinamik inkişaf edirsə, onda yüklərin daşınması təbiidir.
İkincisi, yük maşınının tutumu nə qədərdirsə, o qədər də yük götürür. “Azəryolservis”in borcu idi ki, yolun tikintisində bunu nəzərə alsın.
Elə ekspert Elməddin Muradlı da yük maşınlarının yolu dağıtmasının bəhanə olduğunu açıqlayıb: “Yol çəkilişindən sonra müvafiq qurumlara dəfələrlə sorğular verib Bakı-Quba-Rusiya yolunun neçə tonluq yük maşınlarının hərəkətinə hesablanmasını açıqlamalarını xahiş etmişəm. Açıqlamayıblar, gizli saxlayıblar. Ümumi cavablar verib, yaxalarını kənara çəkiblər. Halbuki, bu məlumat açıq olmalıdır. Bu gün dünyada yol çəkilişi praktikası var. Məsələn, yol çəkilərkən nəzərə alınır ki, gələcəkdə 5 qat artıq yükə dözümlü olsun… Yəni yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Daha bizdəki kimi 3-5 il sonra dağılacaq qədər zəif tikilməməli idi… Digər tərəfdən, Bakı-Quba-Rusiya yolu ağır tonnajlı maşınlara görə dağılıbsa, bəs Bakı Dairəvi Yolunun Hövsan istiqamətində çəkilmiş beton yol niyə dağılır? Həmin yoldan ki, ağır tonnajlı maşınlar keçmir… Çünki yol çəkilişi məsuliyyətsizlik və nəzarətsizlik şəraitində aparılıb. Büdcədən yol çəkilişi üçün ayrılan pulların heç 30 faizi təyinatı üzrə xərclənməyib”.
Göründüyü kimi, ekspert yolu Cavid Qurbanovun iddia etdiyi kimi ağır tonnajlı maşınların deyil, korrupsiyanın dağıtdığı qənaətindədir. Bu korrupsiyada kimin nə qədər payı olduğunu isə hüquq-mühafizə orqanları ortaya çıxarmalıdır…
Ancaq bu zaman eyni zamanda yolun beton örtüyünün tikintisini həyata keçirən “AKKORD” Şirkətlər Qrupu da dıqqətdən kənarda saxlanılmamalıdır.
Məsələ ondadır ki, bir neçə il əvvəl “Olaylar” İA-nın yaydığı məlumata görə, Bakı-Quba-Rusiya yolunun 134,5 kilomterinin məhz “Akkord” Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilməsi qərara alınıb. Həmin yolun 70 il davamlı olacağı bəyan edilib. Yolun həmin hissəsinin tikintisi üçün şirkətə 147 milyon manat ödənilib. Ancaq şirkət işləri keyfiyyətlə və tam şəkildə yerinə yetirməyib. Belə ki, məlumata görə, layihədə yolun beton örtüyünün xüsusi istilik sistemilə quraşdırılması nəzərdə tutulsa da, bu ideya reallaşmayıb və elə adi beton örtüklü yol çəkilərək istifadəyə verilib.
Açılışdan bir il sonra isə “AKKORD”un inşa etdiyi bu yolda iri çatlar əmələ gəlməyə başlayıb. Çökmələr əvvəl yolun Bakı-Sumqayıt hissəsində, sonra Siyəzən rayonundan keçən ərazisində baş verib. Araşdırma zamanı məlum olub ki, beton yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub. Buna görə də yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çöküb. Çökən hissələr qazılıb, yolun beton döşəməsinin altına armatur toxunmalar tikilib və sonradan ərazi yenidən betonlanıb. Bu əməliyyat yolun çökmüş və çökməkdə olan 15-20 yerində aparılmışdı. Amma problem bununla bitmədi. “AKKORD” həmin yolu bütünlüklə armatur toxumalarla tikmədiyi üçün magistralın digər hissəsində çökmələr başladı. Və qısa müddət sonra beton yol tamamilə sıradan çıxaraq, indiki vəziyyətə düşdü. Uzun müddət idi ki, yolda betondan əsər-əlamət belə qalmamışdı.
Yəni, dünyanın ən bahalı yollarından biri hesab edilən Bakı-Quba-Rusiya yolunun normal istismar müddəti heç 5 il belə çəkmədi. Ancaq qəribə də olsa, Azərbaycan dövlətinə 700 milyona başa gələn bu yolun dağılmasına görə heç kim məsuliyyətə cəlb olunmayıb. Ziya Məmmədov işdən çıxıb biznesi ilə məşğuldur, Cavid Qurbanov “səhv etmişik” deyib məsələni qapadıb, “Akkord”un isə heç adını da çəkən yoxdu.
Nə gözəl məmləkətdir, deyilmi? Murad Məmmədov (AzPolitika.info)
MilliYol.Az