Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 9 km olan Babək prospektinin yenidən qurulması işləri sonuncu mərhələ çərçivəsində davam etdirilir
Agentlikdən verilən məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir.
Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib. Bu işlər aidiyyəti qurum tərəfindən bir-neçə gün bundan öncə yekunlaşdırılıb.
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.
Layihəyə uyğun olaraq prospekt boyu köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.
Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Artıq prospektin 6 km-lik hissəsində asfalt-beton örtüyünün 2 layının döşənməsi işləri bitib. Hazırda qalan 3 km-lik hissədə bu işlər davam etdirilir. Ümumilikdə prospektin 323 609 kv.m sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulur.
Ümumilikdə, yenidənqurma işlərinin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.
MilliYol.az