Müğənni Afaq Aslan: “Şəxsi təyyarəmin olması ən böyük arzumdur. Hansısa xarici ölkəyə uçanda hər kəslə birgə uçmayım, adiləşməyim deyə…”
Politoloq Natiq Miri: “Hakimiyyətə gəlmək üçün insanları aldatmaq lazımdır”.
“Həftənin sitatları”nı təqdim edirik. Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər”.
ABŞ-ın dövlət katibi Con Kerri: “Qarabağ münaqişəsinin həlli hazırda mümkünsüzdür”.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçis Əli Həsənov: “Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post-neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firəvan həyatını təmin edək”.
Erməni kinorejissoru və ictimai xadimi Qrant Vardanyan: “Moskvadan Karen Karapetyan olmasın, kim gəlirsə-gəlsin, hətta Vladimir Putin özü baş nazir olmağa razılıq versə belə, yenə də qurtula bilməyəcəksiniz. Hətta Putini “Papa” deyə taclandırmağınız da sizi xilas edə bilməyəcək. Hətta 100 “İsgəndər”iniz olsa və siz onları imarətlərinizdə saxlasanız belə yenə də uduzacaqsınız. Çünki siz uduzaraq gəlmisiniz, hətta dünyaya uduzaraq gəlmisiniz və bu cür də gedəcəksiniz”.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi: “Əgər 15 iyulda hərbi çevriliş uğurla nəticələnsəydi, Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə - Ermənistana və Kürdüstana veriləcəkdi”.
Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov: “Ölkəmiz növbəti demokratiya aksiyası adlandırıla biləcək referendumu uğurla başa vurdu”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Azərbaycan regionda ən böyük hərbi potensialı olan ölkədir”.
Müdafiə Sənayesi naziri Yavər Camalov: “Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü ordulardan biridir. Hərbi-texniki əməkdaşlıq sahəsində uğurlar əldə olunub”.
Politoloaq Şahin Cəfərli: “Dağlıq Qarabağ münaqişənin aktivləşməsi və hərbi fazaya keçməsi ehtimalı məncə, zəifdir. Münaqişənin qeyri-müəyyən müddətə “soyuducuya” qoyulacağını düşünürəm”.
ABŞ-ın dövlət katibi Con Kerri: “Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və rəhbəri Leyla Əliyeva: “Azərbaycan qədim adət ənənələrə qədim adət-ənənələrə malik ölkədir. Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz Şərq müdrikliyi ilə Qərbin mütərəqqi ideyalarını bir araya gətirir”.
Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov: “İŞİD-i Əfqanıstan maraqlandırmır. Bu terrorçu qruplaşma Mərkəzi Asiyaya sızmağa çalışır”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir”.
Təhsil naziri Mikayıl Cabbarov: “Azərbaycanda bir çox xalqlar bir yerdə yaşayırlar, antisemitizm, dini dözümsüzlüyə yer yoxdur. Ölkədə bir neçə dildən - Azərbaycan, rus, ingilis, türk dillərindən fəal istifadə olunur. Multikulturalizmin Azərbaycan modeli bir çox beynəlxalq təşkilatlar, forumlara nümunə sayılır”.
Erməni kinorejissoru və ictimai xadimi Qrant Vardanyan: “Sizlərdən ötrü özünüz kimi meyit vəziyyətində olan Moskvadan reanimatoloqlardan ibarət xüsusi qrup göndəriblər ki, burada rus ağalarınızın ölkəni dağıtmaqla bağlı planını yerinə yetirmək mümkün olsun. Yadda saxlayın, siz artıq yoxsunuz, sizin yerinizə isə talan etdiyniz pullar danışır, lakin bu da əbədi deyil”.
Millət vəkili Əli Məsimli: “Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olunmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.
ATV telekanalının aparıcısı Mətanət Əliverdiyeva: “ANS-ə bir gələn, bir də gedən sevinirdi. Məni nə qədər geri çağırdılar. Elə bir yüksək məvacib dedilər ki... İstəmədim. Pula görə mənliyimi satmaram. Qeyri-mümkün idi ora qayıtmaq”.
Dövlət İmtahan Mərkəzinin (DİM)Direktorlar Şurasının sədri Məleykə Abbaszadə: “Müvafiq ildə I sinfə gedən şagirdlərin təxminən 9 faizinin adları bu il IX siniflərin məlumat bazalarında aşkar edilməyib, yəni onlar icbari təhsildən yayınıblar. Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır”.
Filippin prezidenti Rodiqo Duterte: “Filippində 3 milyon narkoman var. Mən onların hamısını öldürməkdən xoşbəxt olardım, əgər Almaniyanın Hitleri olubsa, Filippinin də Rodiqo Dutertesi var ...”
Müğənni Afaq Aslan: “Şəxsi təyyarəmin olması ən böyük arzumdur. Hansısa xarici ölkəyə uçanda hər kəslə birgə uçmayım, adiləşməyim deyə…”
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton: “Tramp Putini çox tərifləyir. Ancaq Putin burada sərt oyun oynayır. Onun elədiyi şeylərdən biri də hökumət fayllarını, Demokrat partiyasının milli komitəsinə məxsus sənədləri ələ keçirmək üçün hakerlərə göstəriş verməsidir. Bu yaxınlarda biz başa düşdük ki, bu Rusiyanın tərcih etdiyi metodlardan biridir: informasiyanın qazıb çıxarmaq və yığmaq”.
Rusiyalı politoloq Dmitri Kulikov: “Bu gün bəzi geosiyasi qüvvələr Yaxın Şərqdə böyük bir xaos yaratmağa çalışır. İraq, Suriya, Liviya və Şimali Afrika bu siyasətin qurbanıdır. Ancaq regiondakı xaos bu ölkələrlə bitməyəcək. Türkiyəni də bu siyahıya qatmaq istəyirlər”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri politoloq Natiq Miri: “Vədlər olmasa, müxalifətin hakimiyyətə gəlməsi, iqtidarın da hakimiyyətdə qalması mümkün olmaz. Hakimiyyətə gəlmək üçün insanları aldatmaq lazımdır. Siyasətçilərin böyük əksəriyyəti dünya çapında bu cür yalanlarla məşğuldur”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Yüngül bir tənqidi statusa bu cür aqressiv cavab mənə çatmadı. Məsələ doğrudan fərdalıq deyil e. Məsələ ondadır ki, bizdə hamı balaca diktatorlardır. Heç kimin haqqında söz demək olmur, adamı minərlər - idmançısı da, aktyoru da, müğənnisi də... Belə cəmiyyətdə jurnalist olmaq Antraktidada xiyar yetişdirmək qədər çətindir”.
Xalq artisti Fəxrəddin Manafov: “Mən hər şeyin varlığına inanıram. Əgər heç olmasa bir an dayanıb, sola sağa, yuxarı-aşağı, arxaya, ümumiyyətlə, keçdiyin o illərə baxanda, möcüzələrə rast gəliriksə, demək, Allah var”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri: “YAP 23 ildir ki, hakimiyyətdədir və demək olar öz potensialını tamamən xərcləyib. Bu müddət ərzində ciddi nailiyyətlərə güc mərkəzi kimi nail olmayıbsa, bundan sonra da bu real görünmür.
“Armİnfo” informasiya agentliyinin baş direktoru Emmanuil Mkrtçyan: “Sülhün əldə edilməsi Qarabağ xalqı üçün əsaslı və möhkəm zəmanətin mövcud olacağı təqdirdə mümkündür. Təhlükəsizliyi isə yalnız bunu təqdim edə biləcək böyük dövlətlər təmin edə bilər”.
Tanınmış jurnalist Azər Sarıyev: “Bizim jurnalistika səviyyəsizcəsinə siyasiləşib”.
Millət vəkili Fazil Mustafa: “Maraqlıdır ki, mənə hüquqçu kimi tarixlə məşğul olmamağı tövsiyə edən Fəzail müəllim, özü illərdir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür, orada bir tarixçi kimi məhz mənim hüquqçu kimi fəaliyyət göstərməli olduğum yeri tutub. Bu məntiqlə gərək Fəzail müəllim tarixçi olduğuna görə həmin komitənin üzvlüyündən dərhal istefa verməli və məni həmin komitəyə dəvət etməlidir...”
Maliyyə naziri Samir Şərifov: “Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Heç kim hansısa dini cərəyanları xarici qüvvələr vasitəsilə ölkəyə gətirib və burada qarışıqlıq yarada bilməz. Azərbaycanda dinin inkişafı üçün lazımi şərait yaradılıb və bu şərait də dindarların dinlə sağlam şəkildə məşğul olmasına imkan verir”.
Yazıçısı, publisist, televiziya aparıcısı Həmid Herisçi: “Neçə vaxtdı işsiz qalmışam. Pul-zad da yoxdu. Kim mənə görəsən adıma layiq bir iş təklif edəcək?”
“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli: “Mən bu ölkədə öz əməyi ilə, rüşvətsiz milyarder olan iş adamıyam - sərvətim, pulum bir neçə milyard həcmindədir”.
Müğənni Afaq Aslan: “Məmurlardan az sevgi təklifi gəlmir. Neçəsi qapımda gözləyib. Yüksək rütbəlilər və məmurların maraq dairəsində olan biriyəm. Çoxlarının arzuladığı, lakin onlar üçün əlçatmaz olan biriyəm”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Əliağa Vahidin məşhur qəzəlində belə bir beyt var:
"Nə olar, öz aşiqinlə yenə gülsən əgər
Gülürsən özgələrilə, bu ki, cinayətdir!"
Pah atonnan, düşüncə yiyəsi! Adam XX əsrdə gör, nəyi cinayət sayıb, e!”
Yazar Samir Sarı: “Zəhmətkeşləri əsir-yesir etmək nəyə lazımdır ki? Onsuz da onlar səhərdən axşama qədər 40 məntəqədə səs versələr də, bu, sonradan yazılan səslərin yarısını belə təşkil etmir. Axşam DSK-da, MSK-da rahat kabinetdə oturub, 46 faizi 86 etmək mümkündürsə, yazıq süpürgəçiləri yeddi saat boyunca “səsverən” işində çalışdırmaq artıq işdir”.
Millət vəkili Vahid Əhmədov: “Maliyyə bazarındakı problemin kökü Mərkəzi Banka qədər uzanır”.
Müasir Müsavat Partyasının sədri Hafiz Hacıyev: “Bu gün Samir Şərifovla Elman Rüstəmov arasında intriqa yaranıb. Ölkəni düşdüyü ağır durumdan çıxarmaq barədə düşünmürlər, amma bir-birlərini qırırlar. Bunun da ziyanını xalq çəkir. Ən pisi odur ki, ölkədə ortaya çıxan bütün problemlərdən yaranan narazılıq prezidentə istiqamətlənir. Bunların da əsas məqsədi odur ki, ölkədə prezidentə qarşı narazılıq yaransın”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır”.
Yazar Hüseynbala Səlimov: “Bütün mərhələlər adlanıb-keçilib. Ona görə də xalqı boş yerə məşğul etməyin. Xalq çox mühüm və həm də vacib bir məsələ ilə - yaşamaqla məşğuldur. Onu bu cür vacib və mühüm işdən ayırmayın. Lap müəllifini və dəqiq məzmununu unutduğum bir şeirdə deyildiyi kimi: “... Qoyun yaşayaq! Qurd ola bilmədik, qoyun kimi yaşayaq!..”
Politoloq Şahin Cəfərli: “Rusiya-Ermənistan müttəfiqliyinin getdikcə daha da möhkəmlənməsi və dərinləşməsi Azərbaycan üçün olduqca xoşagəlməz hadisədir”.
Yazar Samir Sarı: “Əslində heç seçki də lazım deyil. Olmasa, kim nə deyəcək ki. Başqa illərdə camaat dinc, yanaşı, mehriban yaşayır, amma hər dəfə seçki olanda qohum qohumla, qonşu qonşusu ilə üz-göz olur, küsüşürlər. Barışıq qalır bir də Novruza, axır çərşənbəyə”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova: “Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq”.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri: “Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün BMT daha çox iş görməlidir”.
“Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli: “Ölkə rəhbərliyi təkdir. Nə qədər adamı tutsun, cəzalandırsın? Biz ölkə rəhbərliyinə yardım etməliyik. Düşünürəm ki, bu referendumdan sonra çox adam ağıllanar, ağlını başına yığar, məsuliyyət hiss edər”.
UNESCO baş direktorunun müavini Qetaçyu Enqida: “2030-cu ilədək davamlı inkişaf gündəliyi yetərli sayıla bilməz. Zorakı ekstremizmin qarşısını almaq üçün təhsil sahəsində işləmək vəzifə borcumuzdur”.
İqtisadçı alim Qubad İbadoğlu: “2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təshilin 20 faizə qədər bahalaşması planlaşdırılır”.
Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər: “Azərbaycanda Fətullah Gülənə ən yaxın olan və ən böyük dəstəyi verən sabiq təhsil naziri Misir Mərdanov olub. O heç bir zaman da bunu gizlətməyib. Fətullah Gülən məktəblərinin nüfuzunun artması üçün Azərbaycan təhsil sistemi darmadağın edilib. Eynilə Mikayıl Cabbarov da bu şəkildə hərəkət edir. Biz deyirik ki, bu nazirlər Fətullah Gülən təşkilatlanmasının Azərbaycandakı fəaliyyətinin önünü açırlar”.
Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç: “Dünyada nifrətin artdığını görürük. Belə şəraitdə dinlərarası dialoqdan danışmaq çətindir. Bunun səbəbi bir-birimizdən uzaqlaşmağımızdır”.
Müğənni Xatun Əliyeva: “Bir dəfə müğənnilərin yanında Xumar xanımı parodiya etdim, xəbəri ona çatdırdılar. Həmkarlarımdan biri gəlib dedi ki, Xumar Qədimovanı parodiya etmə. Cavab verdim ki, ondan xoşum gəlir, edəcəm. Bir dəfə məclisdə idim, Xumar Qədimova gəldi. Onu görüb qaçmaq istədim, alınmadı. Fikirləşdim mikrafonla ona salam verim, yaltaqlanım, yenə də baş tutmadı. Axırda onun əyləşdiyi stola yaxınlaşıb, diz çökdüm ki, bağışlayın. Qayıtdı ki, “get”. Məclisdən necə getdimsə, arxaya da baxmadım”.
Müasir Müsavat Partyasının sədri Hafiz Hacıyev: “Hacıbala Abutalıbovun oğlu vəhabiləri maliyyələşdirir. Eyni zamanda Heydər Əsədov bu gün müxalifətlə gizli işbirliyindədir”.
İqtisadçı ekspert Rövşən Ağayev: “Hökumət 2-ci devalvasiyadan sonra sosial müdafiə xərclərini artırdığını cəmiyyətə nümayiş etdirmək üçün büdcədə həmin maddəni dəyişdi, reallıqda isə həmin vəsaiti xərcləmədi”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Stand-uplarında Cem Yılmazı yamsılaması, onunla eyni mövzulara toxunması, eyni ədada danışmağa çalışması, hətta eyni hərəkətləri eləməyi bir yana, dekorasiyasını da kopiyalayıb... Söhbət Fərdadan getmir. Niyə özümüz ola bilmirik?”
PİA.AZ-ın əməkdaşı Gülşən Şərif: “Vicdanı olan insan öz başına gələn pislikləri başqalarına arzulamaz. Ancaq hər insan etdiklərinin əvəzini mütləq görür. Bunu insan insana arzulamır, amma hansısa sehirli güc insana nələrisə anlamağı üçün dərs verir...”
Yazar Mirmehdi Ağaoğlu: “Teatr qapıları müasirliyin üzünə laybalay açsa da, kütlə içinə getsə də, meqapolis onu qəbul eləmir. “Canlı sənət” olmaq üstünlüyü də daha işə yaramır. Ona görə ki, hamı sosial şəbəkələr kommunasında yaşayır və öz yaşantısını, ağrısını, problemini, sevincini, fotosunu, cikini-bikini bütün gün ərzində kimlərləsə aktiv şəkildə paylaşır. Bu canlılığı, bu dinamik ünsiyyəti teatr onun üçün yarada bilirmi? Əsla!”
Xalq artisti Fəxrəddin Manafov: “Xoşbəxt olmaq üçün kişiyə neçəsə qadın yox, bir qadının nə dərəcədə böyük, gözəl olduğunu anlaması lazımdır. Əgər bunu anlasa, onun üçün say əsas olmaz”.
Gülyanaq İSMAYILQIZI
pia.az
Digər xəbərlər
loading...