Xəlil Rza Uluturkün həyatı
PİA.AZ əməkdaşımız Nərminə Umudlunun “Unudulmayacaq Azərbaycan korifeyləri” layihəsini təqdim edir.
Layihəmizi Azərbaycan ədəbiyyatının 20-ci əsrdəki ən böyük azadlıq carçılarından biri olan Xəlil Rza Ulutürklə davam edirik.
Bir neçə il əvvəl, tələbəlik illərimdə Nazim Hikməti oxuyurdum. Sonra ardıyca Xəlil Rza Uluturku oxudum. Beynimdə uzun müddət bu iki böyük türk şairinin və türk insanın, Anadolunun “mavi gözlü devi”nin və Azərbaycanın “azadlıq təşnəsi”nin müqayisəsini apardım. Hər ikisi o qədər möhtəşəmdi ki, hələ o zaman bunu sözlə belə ifadə edə bilmirdim. Biri beynəlmiləlçi və kommunist, digəri isə kommunist cəmiyyətdə böyüsə və yayşayıb yaratsa da, kommunizmə bütün varlığı ilə nifrət edən və təpədən dırnaca qədər türk aşiqi. Paradoksdu. Amma eyni zamanda hər ikisi imkansızlığın üzərində möhtəşəmdi. Biri azadlığı bütün dünya üçün istəyirdi, bunun üçün durmadan “bağırırdı”, digəri isə dünyaya azadlıq gətirdiyini deyən və gətirdiyi “azadlıq”la xalqların həbsxanasına çevrilən rus-kommunist əsarətindən öz xalqını qurtarmaq üçün bütün dünyaya hayqırırdı.
“Bu gün məni günəşə çıxardılar
Və mən göy üzünün bu qədər məndən uzaq
və mavi olduğuna şaraşaraq
dayadım kürəyimi divara.
Bu anda nə düşmək dalğalara,
bu anda nə azadlıq, nə anam,
bəxtiyaram”.
Bu Nazim Hikmətdi. Bütün dünya insanları üçün azadlıq istəyən böyük türk.
Və öz xalqı üçün azadlıq istəyən Xəlil Rza Uluturk:
“Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm”.
Xəlil Rzanın istədiyi hər şey milləti üçündür. Türk milləti üçün. Əzilən və istismar olunan türk milləti üçün. Nazim Hikmət isə bütün millətlər üçün azadlıq istəyirdi. Nə yazıq ki, onun tapındığı və xalqlara azadlıq vəd edən ideologiyası bütöv xalqları əsir etdi və Ulutürk öz xalqını bu əsarətədən və alçaqlıqdan qurtarmaq üçün mübarizə meydanına atıldı və səsi yetdikcə hayqırdı…
***
Bütün dövrlərdə ədəbi mühit ictimai-tarixi proseslərlə sıx əlaqədə inkişaf edib. Ədəbi prosesdəki intibahlar da, durğunluqlar da siyasi-ictimai prosslerlə bağlı olub. Sovetlər rejiminin məcburi yaradıcılıq metodlarından xilas olan ədəbiyyatımız öz bədii-estetik və ideya istiqamətlərinin axtarışında keçid dövrü yaşamalı oldu. Bu dövrü başa düşmək olardı. Çünki, keçid dövrü həmişə çətin olur. Yəni müstəqil inkişaf yoluna qədəm qoymuş ölkəmizdə yeni söz, azad fikir, dünyəvi dəyərlər kontekstində ədəbiyyatın meyarları formalaşmağa başlamalı idi. Bu meyarların formalaşması üçün artıq yetərincə zaman keçib, amma bizim kimi gənc nəsil sanki Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə qram-qram!”, Məmməd Arazın “Ayağa dur Azərbaycan” kimi şeirlərində olan mövzuların həsrətindədir.
Əsl indiki zamanda, vətənimizin bu günlərində, torpaqlarımızın işğal altında olduğu indiki dönəmdə vətənpərvərlik mövzusunda, yəni torpaqlarımızın işğaldan azadlığı üçün bizi döyüşə səsləyən əsərlər, şeirlər yazılmalıdır. Amma biz bü gün ədəbiyyatımızda tamam əks olan hadisələrlə qarşılaşırıq. Yəni 21 əsr Azərbaycan ədəbiyyatının qarşısna qoyduğu heç bir hədəf yoxdur və bu günkü ədəbiyyatımız ictimai-siyasi prosseslərdən kənarda, sanki özünün yaratdıığ vakuumun içində mövcuddur. Bəlkə də bu üzdən son zamanlarda ədəbiyyata demək olar ki, maraq çox azalıb. Və ola bilsin ki, bu günkü nəslin də günahı var ədəbiyyata marağın azalmasında, amma oxunacaq əsər, adamın ruhuna işləyən şeir olmayandan sonar maraq necə olsun? Deyirlər indiki dövrdə internetdən 5-10 dəqiqəyə hər bir məlumatı öyrənmək olur. Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə qram-qram!” şeiri kimi bir şeir, əsər yazılsa, internet heç yada da düşməz.
Bəlkə də ədəbiyyatımızın bu gün bu halda olmasınında əsas günahkarlardan biri də ədəbiyyatımızın özəyin təşkil edən Yazıçılar İttifaqınında olan boşluqlardır. Bu yerdə hələ 27 il əvvəl 1989-cu ildə X.R.Ulutürkün “Azadlıq” radiosuna verdiyi müsahibəsin xatırladım. Bu müsahibədə Xəlil Rza ölkəmizdəki ağır vəziyyətlə yanaşı, həm də Yazıçılar İttifaqı və yazıçı Anar haqqında ilginc fikirlər söyləyib: “Yazıçılar İttifaqı bir təşkilat kimi qorxaqdır. Anar bir yazıçı kimi, əlbəttə, bizim fəxrimizdir, amma milli ruhun müdafiəçisi, lideri kimi Anar yarımcandır! Anar iki ildir İttifaqa rəhbərlik etmir. Mən ona əvvəllər kitab bağışlayırdım, üstündə ”Fəxrimiz Anara!” yazırdım. Amma indi ona kitab bağışlasam elə avtoqraf yaza bilmərəm, mən onu indi təhkimçi kimi görürəm”. Bu fikirlər Azərbaycan yenicə müstəqillik qazandığı illərdə səsləndirilib və məncə tam yerində, zamanında deyilən sözlərdir.
Türk dünyasında zaman-zaman azadlıq uğrunda mübarizə və mücadiləyə qalxan, canlarından keçən çox məşhur, böyük və möhtəşəm sənətkarlarımız olub. Bunlardan biri də, XX əsrin ikinci yarısının, XXI əsrin ilk onilliyinin yetirdiyi Azərbaycanın xalq şairi, istiqlalımızın mücadilə şairi v mən jeyərdim ki, istiqlamızın şəhidi Xəlil Rza Ulutürkdür!
Azadlığı qram-qram istəməyən milli mənliyimiz yolunda qələmini qılınca çevirən, ana dilimizi canından artıq sevən və onu yüksək səviyyəyə qaldıran Xəlil Rza Ulutür xalqımızın azadlığı uğrunda mübarizə apardı. O bu yolda oğul qurban verdi, zindana düşdü. Şairin oğlu Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanmış, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir. Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hər insana nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir. Ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir.
Təbriz Xəlilbəyli (Xəlil Rza Ulutürkün oğlu)
***
Göy Tanrının oğlu Ulutürk
O vaxtlar xalqı mübarizəyə, haqsızlığa, şərə qarşı üsyan etməyə ilk və son nəfəsinədək səsləyənlərdən biri idi Xəlil Rza Ulutürk. Xalqımızın Bilgə xaqanydı, Kürşadıydı və min illərdən günümüzə uzanan qoca tük millətinin hayqırtısı idi. O xalqının azadlıq təşnəsiydi və Nazim Hikmətin dediyi kimi, xalqının, millətinin azadlığı üçün yanırıdı…
Xalq şairi Xəlil Rza Ulutürkün yaradıcılığına yetərincə bələd olmaq üçün, hər şeydən öncə, onu bir şəxsiyyət olaraq tanımaq çox önəmlidir. Azadlıq şairi 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 yanvar qırğınından sonra SSRİ DTK tərəfindən həbs edilib, Moskvadakı Lefortovo həbsxanasında 9 ay həbsdə saxlanılıb. Məhbəs həyatı böyük şairin özünüdərkinə təkrar baxışıdır. Burada yaşadığı çətin günlər və məhrumiyyətlər belə azadlıq aşiqini sarsıtmamış, öz əqidəsindən döndərə bilməmişdi.
Onun şeirlərinin mayası həzin kədərlə yoğrulsa da, nikbin poeziya nümunələri kimi meydana çıxırdı. Yalnız siyasi motivlər üzərində qurulan zindan şeirləri güclü pafosa malik olması ilə diqqəti daha çox cəlb edir. Şair üçün azadlıq müqəddəs, pak və toxunulmazdır. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq "Səlahiyyət istəyirəm!", "Silahlan!", "Hara qaçırsan, dayan!", "Qorxaqlıq, cəsurluq" və bu kimi başqa şeirlərin adlarını qeyd etmək olar.
Xəlil Rza Ulutürk Azərbaycanın dastan qəhrəmanlarına bənzəyirdi ki, getdiyi yolda geriyə baxmadan yürüyər, yorulurkən də vətən və millət ümidiylə qüvvətlənib, dayanmadan yüksəkliklərə qoşardı. Xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi. Onun şeirləri, xalqa - “Azadlıq meydanı”na ünvanlanmış çağrış dolu poetik xitabları Azərbaycan xalqını azadlıq uğrunda mübarizənin müsəlləh əsgərinə çevirirdi və meydanı çevrələyən rus ordusundan, rus tanklarından güclü idi:
“Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan! ”
Xəlil Rza poeziyasının səciyyəvi cəhətləndirən biri şeirinin təsirli, yanıqlı olması, daxili həyəcan və təlatümləri dilləndirməsidir. Həyatın acı həqiqətlərini, ziddiyyətlərini şeirinə gətirərək münasibət bildirən Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Xəlil Rza poeziyasının milli istiqlal poeziyası səviyyəsinə yüksəlişi şairin yaradıcılığında yeni mərhələni səciyyələndirən əsas xüsusiyyətdir. Bu mərhələdə milli məfkurə şairin tarixi özünüdərk və fərdi poetik “mən”indən vüsətlənərək bəşəri dərkə mənəvi keçid alıbdır. Buna görə də Xəlil Rzanı başa düşməyənlər çox idi.
Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar da var idi.
Xəlil Rzanın ən böyük qəhramanlıqlarından biri də böyük Nizamini yenidən Azərbaycan xalqına qaytarması oldu. Onun tərcüməsində Nizami “Xəmsə”si doğurdan ikinci dəfə doğuldu. Xəlil Rzanın tərcüməsində Nizami Azərbaycan dilinə o qədər uyumlaşdı ki, “Xəmsə”ni xəlil Rzanın tərcüməsində azərbaycan türkcəsində oxuyanlar bu möhtəşəm əsərin fars dilində yazıldığını güman belə etmirlər. Bu Xəlil Rzanın istedadının nə qədər böyük və nə qədər əzəmətli olduğunun göstəricisi idi.
***
Xəlil Rza Uluturk 21 oktyabr, 1932-ci ildə Salyan rayonun Pirəbbə kəndində, (kənd indi Neftçala rayonuna daxildir), anadan olmuşdu. Doğulduğu kənd Salyan şəhəri ilə üzbəüz, Kürün sağ sahilində yerləşir. Kənddə Xəlil Rzaya aid demək olar ki, heç nə qalmayıb. Yalnız təqribən on il əvvəl bir iş adamı Xəlil Rzanın büstünü onun doğma kəndinə bağışlayıb. Büstü uçuq-sökük, uzaqdan daha çox mal-heyvan damına bənzəyən Pirəbbə məktəbinə qoyublar…
Böyük Azərbaycan insanı Xəlil Rza Uluturk 1994-cü il iyunun 22-də uzun sürən xəstəlikdən sonra, bədii yaradıcılığının barlı-bəhərli çağında, şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.
Ölürkən sözün həqiqi mənasında onun haqqında belə demək mümkünüdü: “Xəlil Rza deyərkən ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”.
Ruhun şad olsun Azərbaycanın Azadlıq şairi.
Nərminə Umudlu
pia.az
Digər xəbərlər
loading...