Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək
Putinin Bakıya səfəri barədə Rusiyalı tarixçi Oleq Kuznetsov Eurasia Diary-ə şərh verib. Onun sözlərinə görə, bu səfər rəsmi Moskva ilə Yerevan arasında münasibətlərin soyuması fonunda Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin güclənməsi ilə bağlıdır: “Rusiya Azərbaycan iqtisadiyyatına 4 milyard dollar sərmayə qoymuşdur və bu Rusiya prezidentinin Azərbaycana səfəri ərəfəsində Rusiya və Azərbaycan mətbuatında geniş formada əksini tapıb. Bu nə deməkdir? Belə bir həcmdə investisiya yatırımı artıq Ermənistana qoyulan Rusiya investisiyaların həcmini aşıb. Beləliklə, Rusiya biznesinin özəl, eləcə də, dövlət-korporativ bölməsi Azərbaycanda təkcə tərəfdaş deyil, həm də sabit kapital və investisiya bazarı görür. Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən böyük kapital qoyuluşu olan tərəfdaşına çevrildi. Demək, Rusiyanın Azərbaycana sərmayə qoyduğu bütün pullar Ermənistana yatırılmayacaq. Bundan başqa, tamamilə fərqli bir tendensiya mövcuddur. Rusiya biznesi Rusiya və Ermənistan arasında siyasi əlaqələrin pisləşməsi səbəbindən Ermənistanı tərk etməyə başlayıb. Kapital axını harasa yönəlməlidir. Prezident Əliyevin Rusiyaya səfəri zamanı imzalanmış son razılaşmalar hər iki ölkə üçün investisiya qoyuluşu baxımından geniş imkanlar açır. Bu mənada, Azərbaycan birgə pul qazanmaq üçün platformaya çevrilir. Ermənistan belə bir platforma deyil”, – ekspert deyir.
Kuznetsov əminliklə bildirir ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həcmi kəskin şəkildə artır: “Rusiyaya üçün hazırki dövr ölkəyə xarici sərmayələrin daxil olmasına ehtiyac duyulan bir zamandır. Putin Azərbaycana hər iki ölkənin Avrasiya qitəsində müstəsna coğrafi mövqeyə sahib olduqlarını nəzərə alaraq, birgə necə gəlir əldə etməyə dair təkliflər irəli sürmək üçün gəlir. Hansısa ideyaya görə pulların küləyə atıldığı ideoloji stereotiplər dövrü tədricən keçmişdə qalır. Rusiya indi bunu edə bilməz. Cənubi Qafqaz regionu həm geosiyasi sabitlik və təhlükəsizlik, həm də dövlət büdcəsi üçün əlavə gəlir əldə etmək baxımından Rusiya üçün prioritet təşkil edir. Putinin səfəri Əliyevin Soçiyə səfərində olduğu kimi birgə dövlətlərarası ticari layihələrin razılaşdırılmasına yönəldiləcək”.
Sonda tarixçi əlavə edib ki, Putin ilə Əliyev arasında aparılan danışıqlarda biznesdən əlavə, adətən iqtisadi əlaqələri fəal şəkildə stimullaşdıran faktor kimi çıxış edən geosiyasi məsələlərə də toxunulacaq.
MilliYol.Az