Paytaxt Bakıya yaxın məsafədə yerləşən rayonlarımızdan biri də Siyəzəndir.
Rayonda mövcud olan sosial problemlər, bəzi idarə və müəssisə rəhbərlərinin vətəndaşları incitməsi haqda mətbuatda zaman-zaman tənqidi materiallar yayımlanıb.
Elə ötən il ikinci devalvasiyadan sonra sosial xarakterli etirazların olduğu rayonlar arasında Sizəzən rayonu birinci oldu. çünki doğurdan da bu rayonun əhalisi çox kasıb şəraitdə yaşayırlar.
Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə rəhbərliyi tərəfindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, küçə və prospektlərin abadlaşdırılmasına diqqət və qayğının artırılmasına baxmayaraq, rayon icra hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslər onlara tapşırılan işləri lazımi səviyyədə icra edə bilmirlər. Məlumat üçün deyək ki, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı bir neçə ay əvvəl dəyişdirilib. Ölkə başçısının 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Asif Hüseynov təyin edilib. Qeyd edək ki, Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub. Asif müəllimin tərcümeyi-halında diqqət çəkən əsas məqam onun hərbi xidmət keçib-keçməməsi haqda məlumatın qeyd edilməməsidir.
Ehtimallara görə, icra hakimi hərbi xidmətdə olmayıb. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, artıq 7 aydır ki, Siyəzən rayonuna rəhbərlik edən başçı yerli camaatla mülayim münasibət qurmağa bir o qədər də həvəsli deyil:
«Müxtəlif problemlərlə üzləşən sakinlər dərdlərini heç kimə deyə bilmirlər. İcra hakimi vətəndaşları qəbul etmir. Ümumiyyətlə, Asif müəllim camaatın arasına nadir hallarda çıxır. Sonuncu dəfə onu bu ilin yanvar ayında Siyəzəndə baş verən məlum hadisələr zamanı görmüşük. Bu adam vaxtının çox hissəsini Bakıda keçirir. Siyəzən camaatı icra hakimindən heç bir diqqət və qayğı görmür. Asif Hüseynov Siyəzənə başçı təyin olunmasından sonra rayonda heç bir müsbət dəyişiklik baş verməyib. Əksinə problemlərin sayı daha da artıb, insanların dolanışıq səviyyəsi aşağı düşüb. Hazırda Siyəzəndə işsizlik böhranı yaşanmaqdadır. Əhalinin banklara külli miqdarda kredit borcu var. İş tapmaq müşkül məsələyə çevrilib. Bu səbəbdən cavanların çoxu iş ümidi ilə Bakıya, ya da Dağıstana üz tuturlar», deyə redaksiyamıza daxil olan məlumatda bildirilir.
Məlumatlı mənbənin sözlərinə görə, son vaxtlar Siyəzəndə radikal dini cərəyanın nümayəndələri xeyli fəllaşıb. Bundan başqa narkotik maddələrin satışını həyata keçirən şəxslərin də sərbəst fəaliyyət göstərdiyi gələn məlumatlar arasındadır.
Başqa bir iddiaya görə isə icra başçısı Asif Hüseynov ötən ayın 25-də ad gününü təmtəraqlı şəkildə keçirib. Mötəbər mənbənin sözlərinə görə, başçı doğum günü münasibətilə Bakının ən bahalı restoranlarından birini bağlatdırıb. İddialara görə, həmin məclisdə Asif Hüseynovun ailə üzvləri, yaxın dostları və bir neçə tanınmış müğənni iştirak edib. Biz isə hörmətli Asif müəllimə xatırlatmaq istəyirik ki, ölkə prezidenti cənab İlham Əliyev 50 illik yubileyini Ağcabədi rayonunda məcburi köçkün ailələri ilə birlikdə qeyd etmişdi. Görəsən, icra hakimi niyə sadəlik nümayiş etdirmir?
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. (gundelik-baku.com)
"Milli Yol"
Digər xəbərlər
loading...