“Bu, daim müzakirə olunan məsələdir. O vaxt bizdə pensiyaya çıxmaq və pensiya yaşının müəyyən olunması ilə bağlı qanun layihəsi müzakirə olunanda da təkliflər səsləndi, bu sahədə dünyada gedən proseslər vurğulandı, amma qanunla 65 yaş müəyyən edildi”
Bunu deputat Vahid Əhmədov bildirib. O, Rusiyada pensiya yaşının qaldırılması ilə bağlı müzakirələri dəyərləndirərkən belə deyib. Hazırda Rusiyada qadınların pensiya yaşı 55, kişilərdə 60-dır. Bu yaşın qadınlarda 63-ə, kişilərdə isə 65-ə qaldırılacağı gözlənilirdi. Ancaq Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiyada qadınlardan ötrü təqaüdə çıxmaq yaşı 63 deyil, 60 olmalıdır. Bu məsələ Rusiyada etirazlara da səbəb olub.
Azərbaycanda isə hələ bir il əvvəl pensiya yaşının mərhələli şəkildə həm kişilər, həm də qadınlardan ötrü 65-ə çatdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Ona qədər Azərbaycanda pensiya yaşı qadınlarda 60, kişilərdə isə 63 idi. Kişilərdə nəzərdə tutulan yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların isə 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.
Üstəlik, Rusiyada Azərbaycanla müqayisədə yeni layihədə bəzi fərqliliklər də var. Əgər qadının 3 uşağı varsa, pensiyaya 3 il qabaq (57 yaşda ) çıxa biləcək. 4 uşağı varsa, 56 yaşında, 5 və ya daha çox övladı varsa, o, lap 50 yaşında pensiyaya çıxmaq hüquqi əldə edəcək.
Azərbaycan Milli Məclisinin üzvü V.Əhmədov deyir ki, müraciətlər olarsa, və ya hökumətdən təşəbbüs gələrsə, Azərbaycanda da yaş həddinin aşağı salınmasına baxmaq olar.
“Mənim şəxsi fikrimə gəlincə isə, hesab edirəm ki, bu yaş həddi pensiya çıxmaq üçün yüksəkdir və bunu aşağı salmaq lazım gəlir”, – deputat şəxsi mövqeyini bildirib. (Azadlıq Radiosu)
MilliYol.Az