“Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
O deyib ki, hazırda ölkə ərazisində iqlim normasından yuxarı temperatur müşahidə olunur: “Ümumiyyətlə, sentyabr ayının ötən dövründə havanın temperaturu iqlim norması daxilində olub, ayrı-ayrı günlərdə normadan 1-2 dərəcə yuxarı qalxıb. Lakin ayın ikinci ongünlüyünün ikinci yarısında, yəni sentyabr ayının 17-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin sürəti bir qədər artacaq”.
U.Tağıyevanın sözlərinə görə, sentyabr ayına xarakterik göstəricilərə uyğun olaraq, son günlər gündüz müşahidə edilən temperaturla axşam müşahidə olunan arasında fərq var: “Gecə və gündüz arasında olan temperatur fərqi avqust ayı ilə müqayisədə daha çox hiss edilir. Gündüz hava isti olsa da, axşam saatlarında sərinlik qeydə alınır”.
Şöbə müdiri qeyd edib ki, sentyabr ayının temperatur rejimi əhali, xüsusən də meteohəssas insanlar üçün əlverişlidir: “Bu il sentyabar ayının ikinci yarısında meteohəssas insanlar üçün komfort hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 30-32 dərəcədən yuxarı olmayacaq”.
MilliYol.Az