Kənd təsərrüfatının aqrar sektoru ilə məşğul olan kəndli-fermerlər güzəştli şərtlərlə kredit ala biləcəklər
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunun üçün kəndlinin banka getməsinə ehtiyac qalmayacaq. Fermer və sahibkarlar müraciətlərini elektron platforma üzərindən “online” ünvanlaya biləcəklər.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında yaradılmış platforma fermer, Dövlət Xidməti və kredit təşkilatlarını bir ünvana yığır.
Öz ASAN imzası vasitəsilə platformaya daxil olan fermer kredit üçün müraciət formasını doldurur. O, özü və təsərrüfatı haqqında məlumatları, istədiyi kredit məbləğini, təklif etdiyi girovu qeyd edib, müvəkkil kredit təşkilatını seçir və doldurulmuş müraciət formasını platform vasitəsilə göndərir. Fermerin göndərdiyi müraciət həm bankda, həm də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kredit Şöbəsində izlənilir və araşdırılır.
Bundan əlavə, yaxın vaxtlarda platformada fermer və sahibkarların öz məsrəf və mənfəətlərini hesablamaq imkanı da olacaq. Elektron platforma vasitəsilə kredit götürənlər aqrar kreditlərini də ödəyə biləcəklər.
MilliYol.Az