Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, Avropada təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə mütəxəssis Emmanuel Dupuyun "Report"a eksklüziv şərhi
Bu gün Avropa İttifaqı (Aİ) ilə Çin arasında 25-ə yaxın müxtəlif sahələri əhatə edən razılaşma mövcuddur. Bununla belə, Avropa İttifaqı dövlətlərinin hər biri ayrı-ayrılıqda Çin ilə əlaqələrini öz maraqlarına uyğun şəkildə inkişaf etdirməyə can atır. Beləliklə, Avropa İttifaqı ölkələri və Çin arasında həyata keçirilən əlaqələr "üçbucaq" formasını xatırladır. Aİ dövlətlərinin hər biri Çin ilə öz mənafelərinə xidmət edən ikitərfəli əlaqələr qurmağa can atır, həmçinin Dünya Ticarət Təşkilatında 28 dövləti təmsil edən Aİ-nin ümumi maraqlarına müvafiq siyasət yürütməyə çalışır. 80 milyard Yuan (10,2 milyard avro) ÜDM ilə dünya artımının 30% -ni təşkil edən Çin ilə münasibətdə Aİ bu gün diplomatik və iqtisadi qüdrət nümayiş etdirərək, zərrə qədər də zəifliyə yol verməməyə çalışır.
Almaniya, Fransa və Böyük Britanıyanın milli maraqları, yoxsa Aİ-nin müqəddəratı
Avropa İttifaqı ilə Çin arasında diplomatik əlaqələrin qurulmasından 43 il ötdükdən sonra Avropanın Çinə münasibətdə tutduğu mövqeyinin tam balanslı olmadığı aydın olur. Aİ ölkələrinin hər biri ayrı-ayrılıqda Çinin Avropada bir nömrəli tərəfdaşı olması üçün göstərdikləri səyi əsirgəmirlər. Məsələn, Almaniya və Böyük Britaniya iqtisadi maraqlarını diplomatik əlaqələrdən əvvələ salmağı üstün tutur. "Yeni İpək yolu" layihəsinə böyük həvəs və "ildırım sürəti" ilə daxil olmuş Avropa ölkələrindən olan Almaniya bu layihə çərçivəsində Çinin sərmayələrinə böyük "iştaha" nümayiş etdirərək, qarşısına çıxdığı perspektivlərdən bacarıqla bəhrələnməyə çalışır. Bir neçə aydır ki, liderliyi əlindən vermiş Fransa Prezidenti Emmanuel Makrondan fərqli olaraq, Angela Merkel Avropada üzv ölkələri ətrafına toplaya bilmək kimi xüsusiyyəti ilə fərqlənməyi bacarıb. Avropa ölkələri arasında baş qaldırmış bu əsaslı fikir ayrılıqlarından istifadə edən Çin Avropa ilə dialoq qurmaq üçün ölkə başçıları ilə razılıq əldə etmək taktikasından məharətlə istifadə etməkdədir.
Böyük Britaniyanın ölkənin ictimai həyatında əsas siyasi simalardan biri olan, 75-ci baş nazir Devid Kemeronu (David Cameron) "Yeni İpək yolu" çərçivəsində həyata keçirilən layihələrə rəhbər təyin etməsi bu dövlətin Çinlə iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyətin bariz nümunəsidir.
Fransanın mövqeyinə gəldikdə isə, keçən ilin yanvar ayında Fransa Prezidenti Emmanuel Makronun Pekinə rəsmi səfəri zamanı bu mövzuda nümayiş etdirdiyi "soyuqluğu" Fransanın bu layihədə maraqlı olmadığını göstərdi. Fransanın Çinin infrastrukturuna sərmayə qoyması onun təsir dairəsini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilib və beləliklə, bu məsələdə Fransa ilə Avropa İttifaqının bir sıra ölkələri, habelə Almaniya arasında qəti fikir ayrılıqlarına gətirib çıxarıb. Fransanın mövqeyinə əsasən, Çin ilə Avropanın münasibətləri sırf iqtisadı əməkdaşlıqdan ibarət olmalı, Çinin layihələri müstəsna hal kimi qəbul edilməməli, əksinə, qarşılıqlı nəzarət və yoxlama əsasında həyata keçirilməlidir. Bu səbəblərə görə Fransa elə ilk gündən "Yeni İpək yolu" layihəsinə rəsmi surətdə qoşulmaqdan yayınmağı təqdir edib.
Azərbaycan üçüncü tərəfdaş ölkə kimi
Avropa dövlətləri arasında olan bu pərakəndəlikdən Çin böyük məharətlə özünün iqtisadi maraqları üçün yararlanmağa çalışır. Çin Serbiyanın dəmiryolu infrastrukturuna böyük sərmayə qoymaqdadır. Daha bir olkə Yunanıstandır ki, Çinə məxsus şirkətlər orada aktiv fəaliyyət göstərir və hətta Yunanıstanın Pire limanı bu şirkətlərdən biri tərəfindən alınıb. Çin Orta Asiya, Qafqaz və Avropanı birləşdirən, xüsusilə qaz və neftlə bağlı geopolitik tranzit infrastrukturlarına dair layihələrə böyük maraq göstərir. Azərbaycan enerji, həmçinin əmlak və sərnişin daşınması kimi sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir. Burada, ilk növbətə Azərbaycanın Çin ilə ahəngdar dialoqunun davamlı inkişafı zəruri faktor olacaq. Bu halda Azərbaycan qonşu Ermənistanla münasibətdə də daha bir neçə addım irəli gedir. Belə ki, dəmiryolu xətti Ermənistandan yan keçərək Bakı və Batumini birləşdirdir. Azərbaycan özünün uğurlu coğrafi vəziyyətindən istifadə edərək, Çinin güvənə bildiyi, hər halda ilk güvəndiyi tərəfdaşı rolunu oynaya bilər. Çünki Orta Asiyanı keçərək Avropa sərhədlərinə yaxınlaşmaq, ipək yolunun tərkib hissəsi olan Qafqaz dəhlizinin uğurundan birbaşa asılıdır.
Azərbaycan həm də Avropa ölkələri ilə Çin arasında olan çətinliklər fonunda üçüncü tərəfdaş kimi çıxış edə bilər. Çin və Avropa İttifaqı arasındakı münaqişəli məsələlərin həll edilməsi üçün Dünya Ticarət Təşkilatına olunan müraciətlər, hazırkı dövrdə, 25 ticarət razılaşmasını əhatə edir. Qarşılıqlı olmayıb, əhəmiyyətli fərqlərlə həyata keçirilən ikitərəfli əməkdaşlıq səmərəli fərqlərlə müşahidə edilməkdədir. Çinin Afrikaya qoyduğu sərmayənin miqdarı 77% artıbsa, Avropanın Çinə qoyduğu sərmayə yalnız 23% artıb. Avropada ikinci tədarükçü dövlət olan Fransa Çində ən böyük avropalı sahibkar (1100 şirkət və 600 000 iş yeri) olduğu halda, Çin malları Fransaya idxal olunan ölkələr arasında 7-ci yerdədir. Beləliklə, Azərbaycan bu vəziyyətdən iki cür yararlana bilər. Birincisi, Çinə Avropa İttifaqı ilə dialoq qurmaqda yardım etrməklə onun tərəfdaşı olduğunu göstərə bilər. İkincisi, Azərbaycan istər Paris, London, istərsə də Berlin olsun, müxtəlif Avropa ölkələri ilə də əməkdaşlıq edərək rəsmi Pekinlə münasibətlərin tənzimlənməsində iştirak etmək perspektivləri qazana bilər.
Aparıcı iqtisadi tərəfdaş, yoxsa dünyada təhlükəsizliyə zamin bir nömrəli aktyor
Pekinin 1989-cu ildə Tyananmen meydanında baş verən mitinq iştirakçılarına qarşı həyata keçirilən repressiyalar səbəbindən Avropa İttifaqı Çinə idxal edilən silahlara embarqo qoymuşdusa, bu gün Çin ABŞ-dan sonra Avropa İttifaqının ikinci böyük iqtisadi tərəfdaşıdır.
Çin dünyadakı günəş panellərinin və külək turbinlərinin əksəriyyətinin istehlakçısıdır. Dünyadakı günəş enerjisinin 40%-ni Çin təmin edir. Keçən ilin dekabr ayının 12-də keçirilən Bir Planet Zirvə görüşü zamanı istixana qazlarının azaldılmasına dair öhdəliyə Çin dövlət başçısının tam səmimiyyəti ilə qoşulmaq niyyətindən sonra bu mövzuda fikir birliyi baş qaldırıb. Xatırladaq ki, 2016-cı ildə 4% azalma müşahidə edilsə belə, Çin 29% ilə dünya ölkələri arasında iqlimi istixana qazı ilə çirkləndirən birinci ölkə olaraq qalır. 2017-ci ilin iyun ayında ABŞ-ın iqlimə dair Paris razılaşmasına riayət etməmək qərarından sonra Çinin bu sahədə nümayiş etdirdiyi "canfəşanlığı" Avropa dövlətləri tərəfindən birmənalı şəkildə müsbət qarşılanıb.
Ötən aylar Vaşinqton tərəfindən ABŞ-da Çin məhsullarının idxalına 200 milyard dollar əlavə gömrük rüsumunun tətbiq edilməsi qərarı ilə Birləşmiş Ştatlar Çinə yeni ticarət müharibəsi elan edib. O, bununla da Çini Avropanın "ağuşuna" itələyib.
BMT-nin sülhməramlı əməliyyatlarında 2500 çinlinin yaxından iştirakı və BMT-yə göstərdiyi maliyyə yardımları Çini dünyada təhlükəsizliyə zamin duran bir növrəli aktoya çevirib.
Azərbaycanın coğrafı və strateji mövqeyinin əhəmiyyəti daha da artır
Nəhayət, Xəzər dənizinə statusun verilməsi, istər kömrük, istərsə də vergi sahəsində eyni qaydaların tətbiq edilməsi Xəzərdən ticərət məqsədi ilə daha geniş istifadə edilməsi üçün yeni perspektivlər açıb. Çin, Qafqaz və Avropanı əhatə edən dəmiryolu xəttinin çəkilməsi və digər bu kimi layihələr Azərbaycanın coğrafı və strateji mövqeyinin əhəmiyyətini daha da artırır. 2045-ci ildə Rusiya qazından asılı olmamağı qarşısına məqsəd qoymuş Avropanın qaza olan tələbatının 65 %-ni bu gün hələ də "Qazprom" təmin edir ki, bu, bir sıra ölkələri asılı vəziyyətə salır. Beləliklə, Avropanın qarşısında duran iki yol var: Rusiyadan enerji asılılığını davam etdirmək, yoxsa yeni marşruta üz tutmaq. İkinci halda Qafqaz onun əsas tərəfdaşına çevriləcək və bu da əsas enerji istehlakçısı olan Çin ilə birgə əməkdaşlıq kontekstində həyata keçiriləcək.
MilliYol.Az