Rusiyanın çoxtirajlı “Arqumenti nedeli” nəşri Ukraynanın Donetsk vilayətində rusiyameylli separatçıların tərəfində döyüşən QRU diversantı Oleq Prizrak və bölüyü barədə yazır
Virtualaz.org xəbər verir ki, nəşr öz məqaləsində Prizrakın dəstəsinin Ukrayna ordusuna və “Sağ sektor” könüllülərinə qarşı çoxsaylı diversiya əməliyyatlarından bəhs edir.
“Onlardan Ukrayna ordusu qorxur. Onlar Ukrayna silahlı qüvvələrinin mövqelərinə yaxınlaşır, sonra Ukrayna KİV-ləri hərbi texnikanın partladılması haqda xəbər yayır. Üstəlik onlar düşmənin mövqelərindən onların bayraqlarını oğurlayır. Kinoda belələrini diversantlar adlandırırlar. Əslində isə onlar sadəcə olaraq kəşfiyyatçılardır”-qəzet Oleq Prizrak və dəstəsi barədə reportajına belə başlayır.
Prizrak növbəti reydlərindən birində “Sağ sektor” könüllülərinin mövqeyində hərbi texnikanı gizlicə minalayıb və onun dəstəsi 1 kilometr aralanandan sonra dalbadal partlayışlar baş verib. Bu vaxt Prizrak və adamları özlərinin saldığı meşə cığırı ilə geri qayıdırdı, çantalarında isə Ukraynanın və “Sağ sektor”un oğurlanmış bayraqları vardı. Diversantlar bu bayraqların yerində Rusiya bayrağını asmışdılar.
Prizrak və dəstəsi həmin reyddə az qala bir həftəyə yaxın Ukrayna mövqeləri yaxınlığında sürünüblər, maskalanmış texnikanı axtarıblar. Nəhayət Ukrayna millətçilərinin mövqelərində dayanan müşahidəçilərin yatdığını görüb onların səngərlərinə daxil olublar. Bir BTR, iki BMP və bir tank minalanıb. Və diversantlar uzaqlaşandan sonra partlayışlar başlayıb.
Oleq Prizrak Donetskdə separatçıların tərəfində döyüşməyə yollanmazdan əvvəl daha iki yerdə olub, amma onların adlarını çəkmək olmaz. Çünki diversantın missiyası məxfi olub. Amma o, Dağlıq Qarabağda, Əfqanıstanda QRU xüsusi təyinatlı dəstələrinin tərkibində snayper kimi fəaliyyət göstərib, bunları gizlətmir. Deyir ki, Donbassa “könüllü kimi” gəlib. Rostovdan Ukrayna ərazisinə keçəndə orada Rusiyadan olan çoxlu “könüllü” ilə rastlaşıb. Separatçılar əlbətdə ki, Oleq kimi peşəkar diversantın imkanlarını layiqincə qiymətləndiriblər və onu kəşfiyyat rotasında bölük komandiri təyin ediblər. Və o vaxtdan Prizrak tez-tez Ukrayna ordusunun mövqelərinə reydlər həyata keçirib müxtəlif diversiyalar törədir.
MilliYol.Az