Ölkə bazarlarını saxta kərə yağları bürüyüb
Son illər bununla bağlı mediada və sosial şəbəkələrdə məlumatlar səngimək bilmir. Konkret olaraq vətəndaşların satışda olan yağların keyfıyyəti ilə bağlı fikirləri birmənalı deyil. Məlumatlardan da göründüyü kimi əsasən işbazlar tərəfindən xaricdən idxal edilən ucuz yağların tərkibində əlavə qatqılar var ki, bunlar orqanizmə ciddi ziyan verərək birbaşa insan sağlamlığını təhlükə altına alır.
Bununla yanaşı marketlərdə yerli istehsal məhsulları olan süni yağlar da satılır. Uzun zamandır ki, ekspertlər ölkə bazarlarında saxta yağ satışı ilə bağlı həyəcan təbili çalırlar. Amma satışa buraxılan bu yağların tərkibi aidiyyatı qurumlar tərəfindən yoxlanılmadan satışa buraxılır. Bir növ işbazların “çirkli” fəaliyyətinə şərait yaradılıb. Hazırda da bu sahədə vəziyyət ürəkaçan deyil. Hələ də ticarət mərkəzlərində saxta yağların satışı davam etdirilir. Bu isə istehlakçıların ciddi narahatlığına səbəb olur.
Sevindirici haldır ki, artıq bazarlarda satılan bütün növ kərə yağının tərkibi nəzarət alıtına alınacaq. Bu missiyanı Qida Təhlükəsizliyi Agentliyi öz üzərinə götürüb. Belə ki, satışda olan saxta kərə yağları ilə bağlı qurum tərəfindən yaxın günlərdə reydlərə başlanacaq. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kərə yağı adı ilə marqarin və başqa yağların vətəndaşlara satılmasının qarşısı alınacaq. Bunun üçün Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə işçi qrupu yaradır.Yaradılan işçi qrup süd məhsullarının üzərinə vurulan məlumatları araşdıracaq.
Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyanın İdarə Heyətinin sədri Samir Eyyubov bəzi yerlərdə satışda tərkibində müxtəlif qarışıqları olan palma yağlarının satıldığını deyib. O, qeyd edib ki, belə yağlar insan sağlamlığı üçün zərərli hesab edilir. Lakin həmin məhsulun üzərində bu barədə yazılmır. Tövsiyyə edilib ki, vətəndaşlar yağ alarkən malın üzərində yazılanları diqqətlə oxumalı və yağ seçərkən qiymətinə önəm verməlidirlər.
“Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu gün ərzaq bazarında ən təhlükəli vəziyyət yağlarla bağlıdır: “Bu vəziyyətlə bağlı təhlükəli məqamları dəfələrlə qeyd etmişik. Nəhayət ki, bu məsələ nəzarətə götürüldü. Təbii ki, bütün bazar və mağazalarda yoxlamalar apara bilmirlər. Yoxlama aparsalar, görərlər ki, vəziyyət düşündüklərindən də 10 dəfə pisdi. Sadəcə, Azərbaycanda yerli istehsala nəzarət yoxdur. Kim nə istədi, istehsal edir. Böyük istehsalçılarda müəyyən qədər imkanlar var və keyfiyyətlə bağlı normalar yaxın buraxılır. Amma kiçik istehsalçılarda belə deyil. Sadəcə, məhsulun üzərində fiziki şəxsin adı qeyd olunur. Bu yağların tərkibi müəmmalı mənşəli maddələrdir. Burada süddən və ya təbii yağdan söhbət gedə bilməz. Bunları geniş miqyasda və elan vermədən yoxlamaq lazımdır. Bu yağları mağazalarda qəfil yoxlasalar, çox dəhşətli mənzərə ortaya çıxar. Bu yerli istehsalçılar tərəfindən olan problemdir. Bundan əlavə idxalla bağlı da neqativ hallar var”.
Ekspertin qənaətinə görə, ölkədə manat zəifləyəndən sonra xaricdən gətirilən məhsullar baha başa gəlir: “Yəni keyfiyyətli yağ çox baha gəlir. Ən azı kilosu 15 manatdan aşağı olmur. Amma bazarlarda 3-5 manata Rusiya, Belarus, Yeni Zelandiya adları ilə yağlar satılır. Həmin idxalda gömrükdə, laboratoriyada nəzarət olmadığına görə ən sonuncu keyfiyyətdə və saxta yağların çox rahatlıqla ölkəyə daxil olması baş verir. Həm yerli, həm də idxal istehsal hesabına satılan yağlar yoxlanılmalı və çox ciddi tədbirlər görülməlidir. Bu gün yayılan ən təhlükəli xəstəliklərin 80-90 faizinin səbəbi keyfiyyətsiz yağlarla bağlıdır. Əslində Qida Təhlükəsizliyi Agentliyinə məxsus hansı səviyyədə laboratoriyalarının olduğunu bilmirəm.
Yoxdusa, həmin avadanlıqlar alınmalıdır. Yoxlamalar xəbərdarlıq edilmədən və ətraflı aparılmalıdır. Əhalinin sağlamlığı bu cəhətdən çox təhlükə altındadır. Bundan əlavə haqsız rəqabət məsələsi var. Ən dəhşətlisi isə odur ki, saxta, ucuz yağlar bazara daxil ola bilir. Keyfiyyətli və bir qədər yüksək qiymətə təklif olunan yağlar sıradan çıxır. Yəni həm keyfiyyətli yağ gətirmək, həm də istehsal etmək istəyənlər sıradan çıxır. Ona görə də bazar tamamilə keyfiyyətsiz və saxta yağlarla doludur. Bununla bağlı ciddi tədbirlər aparıb, sərt cəzalar tətbiq etməlidirlər. Əgər özlərinin buna səlahiyyəti yoxdursa, cavabdeh qurumlar bununla məşğul olmalı və ciddi cəza tədbirləri olmalıdır. Əgər cəza tədbirləri adekvat olmasa, məsələn, sahibkar 3-5 min manatla cərimələnəcəksə, problem həll olunmayacaq. Onsuz sahibkar bu sahədən tutaq ki, 50 min manat qazanırsa, onun 5 minini cəriməyə verməsi heç nəyi dəyişməyəcək. Sərt cəza həbs də ola bilər. Çünki birbaşa insanların sağlamlığı, həyatı ilə oynayırlar. O yağlardan yaranan xəstəliklərdən insanlar ölür. Əks halda, bu sahədə vəziyyət düzəlməyəcək”.
Dia.az xatırladır ki, bu gün ölkədə əsas yağ inhisarçılarından biri "broker Əbülfəz" kimi tanınan Əbülfəz Məlikovdur ki, bu adam hazırda "Gilan holdinq"də yükək vəzifə tutur.
MilliYol.Az