Cəlilabadda üzüm yığımı artıq başa çatmaq üzrədir
Bu il rayonda ümumilikdə 1331 hektar üzüm sahəsi əkilib. Qeyd olunan sahədən 9.920 ton üzüm yığılıb.
Bunu Trend-ə açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin baş aparıcı məsləhətçisi Rafael Məmmədov deyib. Onun sözlərinə görə, 1331 hektarlıq ərazinin 801 hektarını süfrə üçün nəzərdə tutulan üzümlər təşkil edir, yerdə qalan 530 hektar isə texniki istehsal üçün yetişdirilir:
"Bu sahələrdə süfrə üzümlərinin növləri Sultani, Prima, Otan royal, Sardoni və Marlonidir. Texniki istehsal üçün isə Pinon, Saperave, Kaberne, Moldovan, Təbrizi və Sirah növləri var. Sentyabr ayının ortalarına qədər yığımı tam başa çatdırmağı planlaşdırırıq".
R.Məmmədov yerli və xarici üzüm sortlarından da danışıb:
"Azərbaycanda uzun zamandır ki, SSRİ dövründən bu günə qədər yetişdirilən üzüm növləri Təbrizi və Moldovandır. Xarici ölkələrdən isə ən çox Fransadan üzüm növləri gətirilir. Oradan gətirilən üzümlər ən çox şərab istehsalı üçün nəzərdə tutulub. Şərab istehsalı üçün tələbat daha çox yerli Sirah sortunadır".
Baş aparıcı məsləhətçi onu da qeyd edib ki, texniki istehsala verilən yerli üzümlərin bir çox sortu kişmiş üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, üzümün hazırda bazara çıxarılan qiyməti 0.50 AZN təşkil edir.
MilliYol.Az