Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yığıncağı keçirilib
Yığıncağın gündəliyinə muxtar respublikanın Şahmat Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi məsələləri daxil edilib.
Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, federasiyanın tərkibində 8 şahmat məktəbində 177 müəllim və 291 qrupda 3000 nəfər şahmatla məşğul olur. 2018-ci ilin ötən dövründə Naxçıvan şahmatçıları ölkə çempionatlarında 8, beynəlxalq yarışlarda isə 12 medal qazanıblar.
Federasiyasının sədr müavini Emin Hacıyev isə çıxışında qeyd edib ki, beynəlxalq və ölkədaxili yarışlarda muxtar respublikanın bütün rayonlarının iştirakı arzuolunan səviyyədə deyil:
“Artıq xeyli vaxtdır ki, açıq birinciliklər keçirilmir. Belə yarışlar keçirilməyəndə istedadlı gənc şahmatçıları üzə çıxarmaq mümkün olmur. Mərkəzin qabaqcıl şahmatçıları ilə məşğul olmaq üçün güclü müəllimə ehtiyac var”.
Sonra Azad Cabbarov Seymur Talıbovun Şahmat Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb və təklif yekdilliklə qəbul olunub.
Qeyd edək ki, S.Talıbov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğludur. (qafqazinfo.az)
MilliYol.Az