Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı rəsmi ittiham irəli sürülüb
Onun haqqında yaşadığı yeri tərk etməmək barədə qətimkan tədbiri seçilib.
Bununla əlaqədar Ovik Abramyan özünün “Facebook”dakı səhifəsində açıqlama yayıb.
“Təxminən bir ay bundan öncə bir qrup maskalı adam guya operativ məlumatlar əsasında mənim qohumlarıma məxsus mənzil və tikililərə daxil olublar. Axtarış zamanı heç bir qeyri-qanuni hal aşkar edilməyib. Lakin hüquq-mühafizə orqanları mənim xarici pasportumu müsadirə edərək Ermənistan qanunvericiliyini kobud şəkildə pozublar”,- Abramyan qeyd edib.
Keçmiş baş nazir Ararat vilayətinin Mxçyan rayonunda axtarış həyata keçirilən zavodun özünün olmadığını iddia edib, üstəlik, yeni iqtidarın 2008-ci il 1 mart hadisələrinin onun üstünə yıxmaq istədiyini bildirib. Abramyanın fikrincə, yeni iqtidar saxta faktlarla quraşdırılan işlərlə onu hədəfinə götürüb.
“Sentyabrın 4-də isə mən saytlardan birinə müsahibə verərək indiki iqtidarın bu cür davranışlarını tənqid etdim. Buna cavab olaraq, cəmi bir neçə gün sonra mən Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edildim. XİX-də əvvəlcə məni hansısa saxtalaşdırılmış (Abramyanın fikrincə-red.) işlə bağlı şahid kimi dindirdilər. Daha sonra isə özümə heç bir əsas olmayan ittihamı irəli sürərək, yaşadığım yeri tərk etməmək haqqında iltizam aldılar”, - Abramyan yazıb.(musavat.com)
MilliYol.Az