“Quzey Azərbaycan da Güney Azərbaycanın günündədir”
Deputat Fazil Mustafa bir neçə gündür, sosial şəbəkələri cənginə almış “Səni deyirlər” aksiyasına münasibət bildirib.Millət vəkili BakuPost.az-a açıqlamasında bu aksiyanı dəstəkləmədiyini deyib.
Hətta Güney Azərbaycanda şeiri, çal-çağırı qadağan etməyin vacib olduğunu bildirib: “Mən bu aksiyanı bir o qədər də bəyənmirəm. Ümumiyyətlə, Güney Azərbaycanda şeiri, oynamağı qadağan eləmək, bir az azaltmaq lazımdır. Onları daha çox kitaba yönəltmək lazımdır. Oxusunlar. Müəyyən bir təhsil səviyyəsinə çatsınlar, haqlarını qoruyacaq gücə sahib olsunlar. 50-100 ildir, oynayıb oxuyuruq da, nə olsun ki… Quzey Azərbaycan da Güney Azərbaycanın günündədir. Ancaq çal-çağır, dingiş-dingiş oynamaq… Başımızı bununla qatmışıq, Qarabağ əldən gedib. Biz də oturub Qarabağ mahnısı oxuyuruq”.
Millət vəkili qeyd edib ki, rəqs də insanın kamilləşməsinə xidmət edən vasitədir, lakin düzgün istifadə edildikdə: “Dağıstan xalqlarına baxın, görün rəqsdən necə istifadə edirlər. Döyüş ruhunu qaldırmaq, müəyyən dərəcədə xarakter formalaşdırmaq üçün əla bir vasitəyə çeviriblər. Hər bir rəqsin özünün ayrıca mənası var. Bizdə rəqsin mənasını da tapmaq çətindir. Rəqsi sənət üçün öyrənmək lazımdır. Afaq Məlikova səviyyəsində, musiqini Rəşid Behbudov, Şövkət Ələkbərova səviyyəsində. Musiqini onların zirvəsinə ucaltmaq üçün öyrənmək lazımdır. Yoxsa bir manıs yetişdirmək üçün musiqini inkişaf etdirməyin mənası yoxdur ki… Alim Qasımov yetişdirməyəcəksənsə o musiqinin bir anlamı da qalmır. Bu baxımdan mən bu aksiyanı daha çox mütaliə aksiyası kimi görmək istəyirəm. Orda olanları oxumağa, dil öyrənməyə təşviq eləmək istiqamətində aksiya olsa, daha yaxşı olar”.
MilliYol.Az