24 ildir evsiz qalan Qarabağ əlili Sumqayıt İcra Hakimiyyəti ilə “Qaçqınkom”un arasında qalıb
Sumqayıt şəhəri 12-ci Mikrorayon, ev 22, mənzil 61-də məskunlaşan 2-ci qrup Qarabağ əlili İlqar Hümbətov 24 ildir ki, evsizdir. “AzPolitika.info”ya müraciət edən Qarabağ döyüşçüsünü bədənindəki qəlpələrdən çox, müvafiq qurumların süründürməçiliyi və etinasızlığı ağrıdır.
İ.Hümbətov deyir ki, 1994-cü ildən Fizuli rayonundan məcburi köçkün olaraq, Sumqayıt şəhərində məskunlaşıb. Və hazırda yuxarıda qeyd edilən ünvanda acınacaqlı durumda olan 1 otaqlı mənzildə öz ailəsilə yaşayır. Lakin bu mənzildə tək özünün deyil, qardaşının da ailəsi məskunlaşıb: Yəni ki, iki məcburi köçkün ailəsi 1 otaqlı mənzildə yaşamaq məcburiyyətindədir: “Qəlpə yaralarının yeri hələ də mənə əziyyət verir, maddi durumum mənzil almağa imkan vermir və hətta hər il müayinə və müalicəm üçün borc almağa məcbur oluram.Dəfələrlə aidiyyatı qurumlara və vəzifəli şəxslərə mənzil problemimlə bağlı müraciət etmişəm, ancaq müxtəlif bəhanələrlə bu işi həll etmirlər.”
Bədəninin müxtəlif nahiyələrində və başında qəlpə yaraları olan Qarabağ əlilinin sağ əli ümumiyyətlə işləmə qabiliyyətini itirib və üzərinə dəri köçürülüb. Lakin onun bu vəziyyəti aidiyyatı qurumların rəhbərlərini bir o qədər narahat etmir.
İ.Hümbətov “Qaçqınkom”, DSMF və digər qurumlarda probleminin həll edilmədiyi üçün Milli Məclisin sədr müavini Bahar Muradovanın qəbulunda olub: “Bahar Muradova mənə söz verdi ki, “Qaçqınkom”un yeni rəhbərilə mənim barəmdə danışacaq və mən xeyli ümidləndim. Lakin bu görüşdən bir müddət sonra elə həmin “Qaçqınkom”dan mənə məktub gəldi ki, əvvəlcə yataqxanalarda və digər binalarda yaşayanlara mənzil verilir, mən isə bu siyahıda yoxam. Deməli mən ailəmlə yataqxanada yer olmadığından qardaşımın ailəsilə yaşadığı 1 otaqlı mənzilə sığınmışamsa, mənə ev düşmür?”.
İ.Hümbətov bildirdi ki, hazırda Sumqayıt Şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün yaşayış kompleksi tikilir və yaxın aylarda buradakı mənzillər paylanacaq. Lakin ev veriləcək şəxslərin siyahısında onun adı yoxdur: “Məsələ ilə bağlı “Qaçqınkom”un Sumqayıt şöbəsində oldum. Mənə dedilər ki, torpağı icra hakimiyyəti ayırıb və mənzillərin bölgüsü də onların ixtiyarındadır. Sumqayıt Şəhər İcra Hakimiyyətində isə bildirdilər ki, məsələnin onlara aidiyyatı yoxdur, bölgünü “Qaçqınkom” aparır. Qalmışam iki qurumun arasında. Bir Qarabağ döyüşçüsünü və əlilini küçələrə salmaq və bu vəziyyətə gətirmək kimlərəsə baş ucalığı gətirirmi görəsən?”.
Ombudsman Aparatında və DSMF-də də olan Qarabağ əlili quru vədlərdən başqa heç nəyə nail ola bilməyib. Heç olmasa mətbuat vasitəsilə probleminin ölkə rəhbərliyinə çatdırılacağına inanan İ.Hümbətov, bəlkə bundan sonra onun dözülməz həyat və yaşayış şəraitinə əlac ediləcəyinə ümid bəsləyir.
MilliYol.az