Generalların ailə üzvləri istintaqda
Bakıda «8-ci kilometr» adlanan ərazidə, konkret olaraq, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanında meyvə-tərəvəz bazarı var. Sən demə, bu məşhur meyvə-tərəvəz bazarı elə məşhur generalların da yaxınlarına məxsus imiş – keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova və nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun qızı Aidə Qasımovaya. Bazarın səhmləri hərəyə 50 faiz olmaqla, adları çəkilən xanımlar arasında bölüşdürülüb.
2015-ci ilin oktyabrında keçmiş MTN ətrafında baş verən hadisələrdən sonra həbs olunan və hazırda Bakı Hərbi Məhkəməsində mühakimə edilən Akif Çovdarova verilmiş ittihamlar arasında bu bazarın ələ keçirilməsi də var. İttihama görə, bazarı 2005-ci ilin dekabrında sahibi, «Maral-Veqa» MMC-nin təsisçisi Cəfər Səfərovun əlindən zorla alıblar.
ADAMI APARIB BAŞA SALMAĞI TAPŞIRIB
Cinayət işinin materiallarında yazılıb ki, 2005-ci il dekabrın 16-da bazarın giriş qapısı ilə üzbəüzdə yerləşən «Maral-Veqa» MMC-nin ofisinə MTN əməkdaşları silahlı basqın ediblər. Həmin vaxt Cəfər Səfərov ofisdə olmadığından onun qardaşı Qəhrəman Səfərovu, bazarın mühasibi Akif Əzimovu və direktoru Əyyub Novruzovu aparıblar. Onlar MTN-ə çatan kimi Akif Çovdarov Cəfər Səfərova zəng vurub, ondan nazirliyə gəlməyi tələb edib. Qorxuya düşən Cəfər Səfərov Bakıdan kənarda olduğunu desə də, Akif Çovdarov onun yalan danışdığını bildirib: «Yalan demə, bu dəqiqə sən «Elit»in qabağındasan...».
Nazirliyə gedən Səfərovu Akif Çovdarovun otağına aparıblar. Həmin vaxt ofisdən aparılan üç nəfər də kabinetdə imiş. Çovdarov Səfərova deyib ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə həmyerli olduğundan, bazarı da onlar üçün o alıb. Həmin vaxt Fərhad Əliyev iki ay idi ki, həbs olunmuşdu və o da MTN-in istintaq təcridxanasında saxlanılırdı.
Cəfər Səfərov Fərhad Əliyevlə heç bir əlaqəsi olmadığını, bazarı 2002-ci ildə Çingiz Əsədov adlı şəxsdən 240 min dollara aldığını, hətta həmin pulun 120 min dollarını bankdan kredit götürüb, bazarı girov qoyduğunu, alqı-satqı müqaviləsinin də metronun «Neftçilər» stansiyasının yaxınlığındakı notariusda bağlandığını deyib. Bu zaman Çovdarov əsəbiləşib və işçilərinə bu adamı aparıb «başa salmağı» tapşırıb. Təxminən 4 saat onu qaranlıq otaqda saxlayıb, döyəndən sonra yenidən Çovdarovun kabinetinə qaytarıblar. Bu dəfə ona bildirilib ki, məsələdən nazir Eldar Mahmudovun da xəbəri var və onun göstərişi ilə bura gətirilib, 500 min dollar verib, azadlığa buraxıla bilər. Pulu gətirmək üçün həmin axşam Cəfər Səfərov və digər üç nəfəri buraxıblar.
70 MİN DOLLARDAN ARTIQ KREDİT GÖTÜRÜB
Ertəsi gün Akif Çovdarov onunla yenidən əlaqə saxlayıb, bu dəfə bazarı təhvil verməyi tələb edib. Cəfər Səfərov bazarı verməkdən imtina edib, deyib ki, götürülmüş kredit tam ödənilmədiyindən əmlak hələ də bankda girovdur. Akif Çovdarov onu və qardaşlarını iynə ilə iflic etdirməklə, həbslə hədələyib. Hədələrdən qorxan Cəfər Səfərov bazarı təhvil verməyə razılaşıb. Dekabrın 20-də Akif Çovdarov şəxsən onunla birlikdə banka gedərək, 70 min dollardan bir qədər artıq krediti ödəyib və bazarın da daxil olduğu «Maral-Veqa» MMC-nin banka borcu olmaması barədə arayış alıb. Ardınca da Dövlət Əmlak Komitəsinə gediblər. Orada Çovdarov kiminləsə telefonla danışıb və sənədləri ona təhvil verib. Təxminən yarımsaat sonra əmlakın üzərində həbs olmadığını təsdiqləyən sənədi gətirib Çovdarova veriblər. Oradan da çıxıb notariusa gediblər. Notariat kontorunda meyvə-tərəvəz bazarı Eldar Mahmudovun, Akif Çovdarovun yaxın adamı kimi tanınan Qulu Cəfərov adlı şəxsə təhvil verilib.
Ertəsi gün Akif Çovdarovun keçmiş qonşusu, ona yaxın adamlardan sayılan Elşən Hüseynovla nazir müavini Hilal Əsədovun qayınatası Ənvər Məmmədov bazara gəlib və işçilərə bildirilib ki, bundan sonra bazarı bu adamlar idarə edəcək. Elə bir müddət sonra bazarın səhmləri də Qulu Cəfərovdan Elşən Hüseynov və Ənvər Məmmədovun adına keçib. Ardınca Ənvər Məmmədov 50 faizlik payının 49-unu Nüşabə Əsədovaya verib, Elşən Hüseynovun 50 faizlik payının hamısı isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçib.
BAZARI QAYINATASI ALIB VƏ XANIMINA BAĞIŞLAYIB
Səfərov qardaşları Akif Çovdarovla üzləşdirilib və onlar hadisənin məhz bu cür olduğunu üzləşmədə də deyiblər. Əlavə ediblər ki, bazar əllərindən alınandan sonra bir neçə dəfə onu geri qaytarmağa cəhd göstəriblər, müxtəlif orqanlara, o cümlədən Çovdarovun özünə şikayət ediblər. Amma nəticəsi olmayıb. Çovdarov hər şikayətdən sonra onları həbs etdirməklə, «yox etdirmək»lə hədələyib.
Akif Çovdarov və Hilal Əsədov isə bazarın zorla ələ keçirilməsi ittihamı ilə razılaşmır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Hilal Əsədov bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib. O da Səfərov qardaşlarını «Fərhad Əliyevin yaxın adamları» kimi təqdim edib. Dediyinə görə, 2005-ci ilin axırlarında Akif Çovdarov onun yanına gəlib və Çingiz Əsədov adlı şəxsin sahibi olduğu bazarın 2002-ci ildə əlindən alınması barədə MTN-ə şikayət etdiyini məruzə edib. Hilal Əsədov ifadəsində bildirib ki, ümumiyyətlə, bu məsələ ilə əlaqədar ona bir gündə bir neçə dəfə məruzə olunub. Məruzələrdən birində Akif Çovdarov deyib ki, «Səfərov qardaşları öz əməllərini etiraf ediblər». Hilal Əsədovun sözlərinə görə, o da öz növbəsində bazarla bağlı bütün məlumatları Eldar Mahmudova məruzə edib. Əsədovun iddiasına görə, 1-2 günlük araşdırmalardan sonra Səfərov qardaşlarının bazarı 2002-ci ildə zorla ələ keçirdiyi müəyyənləşdirilib, qardaşlardan biri Akif Çovdarovun yanında olarkən bazarı geri qaytarmağa razılıq verib, Çingiz Əsədov da ərizəsini geri götürməyə razılaşıb. Sonradan bazar satılıb və qayınatası Ənvər Məmmədov onun bir hissəsini almaq istəyib. O da qayınatasına pulun bir hissəsini borc verməklə ona kömək edib. Bir qədər də keçəndən sonra qayınatası 50 faizlik payının 49-nu onun xanımı Nüşabə Əsədovaya bağışlayıb.
«BARIŞMALARINI TƏKLİF ETDİM»
Akif Çovdarov da iddia edir ki, bazarı Səfərov qardaşlarından zorla almaları barədə deyilənlər yalandır. Cəfər Səfərov bazarın əvvəlki sahibi Çingiz Əsədovun şikayəti əsasında MTN-ə çağırılıb.
«Şəxsən özüm onlara barışmalarını, bu məsələni öz aralarında həll etmələrini təklif etdim», - deyib Çovdarov.
Onun sözlərinə görə, həmin vaxt Çingiz Əsədov bazarı Səfərov qardaşlarından 300 min dollara geri almağa və şikayətindən imtina etməyə razılaşıb, amma sonradan deyib ki, bu qədər pulu yoxdur və bazarı geri ala bilmir.
«Ona görə də bu məsələ MTN rəhbərliyinə məruzə olundu. Həmin bazar, əslində, Fərhad Əliyevin olduğundan, rəhbərlik bazarı tərəflərin hər ikisinin (Cəfər Səfərov və Çingiz Əsədovun) halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi», – Çovdarov əlavə edib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova, qayınatası Ənvər Məmmədov, Akif Çovdarovun qızı Aidə Qasımova, kürəkəni Rövşən Qasımov da bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib. Məlumatda bildirilir ki, Nüşabə Əsədova və Aidə Qasımova bazara necə sahib olmaları barədə ətraflı informasiyaları olmadığını, sadəcə, səhmlər adlarına keçirilərkən müəyyən sənədlərə qol çəkdiklərini bildiriblər.
A.Çovdarov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, mənimsəmə, qanunsuz silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və digər ağır maddələr ilə ittiham irəli sürülüb.
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Dekabrda isə nazirlik ləğv edilib, bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.(azdliq.org)
MilliYol.Az
Digər xəbərlər
loading...