“Bu, bizim üçün yeni macəranın başlanğıcıdır. Millətlər Liqası çox gözəl turnirdir. AVRO-2020-yə vəsiqə qazanmaq bizim də arzumuzdur”
Virtualaz.org bildirir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
67 yaşlı isveçrəli mütəxəssis bildirib ki, Azərbaycan millisi haqda məlumatı var: “Məşqçiyəm, araşdırmışam. Bu mənim işimdir. Azərbaycan ötən seçmə mərhələdə on xal toplayıb. Azərbaycanı qrupun favoriti sayıram. Bizim çox güclü qrupumuz var. Malta və Farer adaları da yaxşı komandalardır. D liqasının ən güclü qrupu bizimkidir”.
Məşqçi qeyd edib ki, Kosovo gənc komandadır: “Biz cəmi bir seçmə mərhələ görmüşük. Belə gənc komanda ilə bura gəlib, qalib gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdür.
Bəli, bizim futbolçular başqa ölkələrdə çıxış edirlər. Bu bizim üçün üstünlükdür. Azərbaycanlı futbolçuların xarici klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə burada onlara daha çox pul verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalara çətin olacaq. Amma AVRO-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddir. Komandam haqqında indidən məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, sabah hücumçuların sayı iki olacaq".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo görüşü sabah saat 20:00-da başlaycaq.
MilliYol.Az